Əlcəzairdə qətliamların, soyqırımlarının müəllifinə çevrilib bu günə kimi həmin damğa ilə yaşayan Fransa həyasızlıqda sərhəd tanımır.
Etiraf edək ki, Fransa güclü dövlətdir, onun nüvə arsenalı mövcuddur, qlobal arenadakı nüfuz dairəsinin miqyası genişdir.
Ancaq Fransa dövləti indi ona başçılıq edən Emmanuel Makron sayəsində özünün qüruba enməsi prosesini izləyir, əzəmətli Parisin bəşəri arenadakı strateji dairələri kiçildilir.
Bunun kiçilməsi cənab Makronun da reputasiyasını sürətlə azaldır – həm beynəlxalq aləmdə, həm də ölkə daxilində.
Erməni diasporunun əlində əsir-yesir qalan Makron ölkəsini elə bir duruma salıb ki, o, özünün Cənubi Qafqaz və Türkiyə siyasətini həmin erməni icmasının arzuları əsasında qurur.
Düzdür, bunun daha dərin səbəbləri də var, məsələn, Fransa Böyük Britaniyanın maraqlarının genişlənməsinə qarşı olduğundan, o, Londonun siyasətinin izlərinin dərinləşdiyi regionlarda fitnə-fəsadlar törətməyə çalışır.
Onun araqarışdıranlıq coğrafiyasında Azərbaycan və Türkiyənin xüsusi yeri var, qüdrətli Paris bu iki ölkəyə qarşı cılız addımlara gedərək erməni kartını əlinə götürür.
Gah uydurma erməni soyqırımı mövzularına istinad edir, gah da erməni hüquqlarının dəmir örtüyünə çevrilir.
Fransa dövlət kimi nə Xocalı soyqırımından danışır, nə də ASALA təşkilatının vaxtı ilə türk diplomatlarına qarşı terror aktlarından bəhs edir. Niyə də danışsın, axı özü də keçmişində xeyli vəhşi əməllərə imza atıb və bu gün də eyni siyasətini fərqli formada davam etdirir.
Bu mənada Fransanın Ermənistana, erməni faşizminə qahmar çıxaraq onun başını tumarlaması təəccüblü gəlməməlidir. Fransanın öz abırına qısılmaması bir yana, onun insan hüquq və azadlıqlarından dəm vurması riyakarlığın zirvə nöqtəsidir.
Dahi fransız yazıçı Viktor Hüqo sağ olsaydı, bilmirəm, ermənilərin müdafiəçisinə çevrilən siyasətçiləri özünün yaratdığı hansı obrazla müqayisə edərdi. Ancaq Fransa lideri başda olmaqla, erməniləri qucaqlarında oturdan fransız siyasətçilər mənəviyyat baxımından, məncə, daha çox “Səfillər”in Tenardyesi obrazına daha çox uyğun gəlirlər. İkiüzlülük, riyakarlıq, özünün mənəviyyata sığmayan maraqları üçün hər bir addıma getmək – axı biz bunu indi qlobal oyunçu olan Fransanın dövlət siyasətində də hiss edirik.
Deyərsən ki, heç olmasa, keçən keçib, indi qabağa baxmaq lazımdır. Məsələn, Almaniya və Yaponiya İkinci Dünya müharibəsində etdikləri faşizm əməllərinə görə bu gün peşmandırlar və artıq keçmişə bir tarix kimi baxırlar. Onlar keçmişi gələcəyin qurulması üçün istifadə etmirlər, amma Paris bu tendensiyadan çox-çox uzaqdır.
Fransa Prezidenti Emmanuel Makron ölkəsinin vaxtı ilə mövcud olmuş və bu gün də davam edən müstəmləkəçilik siyasətindən qürrələnir, özü də bu təkəbbürünü düzgün strategiya üzərinə proyeksiya etmir.
Cənab Makronun Fransanın Əlcəzairdə törətdiyi qətliamlara görə üzr istəməsi bir yana dursun, bu üzrü qəbahət sayması da ayrı bir mövzudur.
Makron “Le Point” qəzetinə müsahibəsində Əlcəzairlə münasibətlərin normallaşması üçün guya təklif verib.
O deyib ki, üzr istəməyə ehtiyac duymur. Əksinə, diplomatik dillə işarə edib ki, əlcəzairli həmkarı Fransaya gəlməli və onunla görüşməlidir.
Özü də Avropa bazarları Əlcəzair qazına ehtiyac duyduğu bir zamanda – əcəb işdir, həm işin düşsün, həm də qətllərə görə üzr istəmə, həm də ehtiyac duyduğun ölkənin başçısını hüzuruna çağır.
Fransa Qərb çevrələrində də öz hörmətini düşürür, onun Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsindəki vasitəçilik səyləri də biabırçı bir fiasko ilə nəticələnib.
Fransa Cənubi Qafqazda da uduzmağa məhkumdur, çünki regiona az qala öz koloniyası kimi baxır, hərçənd ki, bu bölgəyə münasibətdə əlində resurs yoxdur.
Aqşin Kərimov