• Şb. Noy 2nd, 2024

Maykl Doran: “Erməni lobbisi Azərbaycanın səylərini əngəlləmək üçün çoxlu vəsait sərf edirlər” – MÜSAHİBƏ+FOTO

ByYenigun.news

Mar 15, 2023


ABŞ-ın ən iri beyin mərkəzlərindən biri olan Hadsın İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru və İnstitutun baş elmi işçisi Maykl Doranın “Report”un yerli bürosuna müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

– Cənab Doran, bildiyiniz kimi 30 il ərzində Azərbaycan və ABŞ arasındakı ümumi maraqlara və dəyərlərə əsaslanan ikitərəfli münasibətlərdə əhəmiyyətli dərəcədə irəliləyiş əldə olunub. Biz tez-tez ABŞ rəsmilərindən Azərbaycanın ABŞ üçün etibarlı tərəfdaş olduğunu eşidirik. Bu barədə sizin düşüncələriniz nədir?

– Mənim təəssüratım ondan ibarətdir ki, hazırda ABŞ-Azərbaycan münasibətlərinin standartlarına uyğun əməkdaşlıq üçün böyük imkanlar mövcuddur. Məncə, əsl dəyişiklik Ukrayna müharibəsi oldu. Ukrayna müharibəsi amerikalıların baxışını dəyişdirdi. Mərkəzi Asiya enerji resurslarını Avropaya gətirmək barədə düşünəndə Azərbaycanın əhəmiyyətini başa düşürsən. Ona görə də hesab edirəm, Vaşinqtonda belə bir fikir var ki, Azərbaycan həqiqətən ABŞ-ın strateji tərəfdaşıdır. Lakin bunun Vaşinqtonda köklü bir konsepsiyaya çevrilməsi üçün hələ uzun bir yol var.

– Bildiyiniz kimi, Ermənistanla davamlı sülhün əldə olunması üçün ilk təklif Azərbaycandan gəldi və məhz Azərbaycanın təklif etdiyi 5 əsas prinsip əsasında danışıqlar başladı. Amma indi bu prosesə süni əngəllər yaratmaq cəhdlərinin şahidi oluruq. Sizcə, sülhün bərqərar olması regionun hər iki ölkəsinə və bütövlükdə Cənubi Qafqaza nə verəcək?

– Mənim fikrimcə, Paşinyan İkinci Qarabağ müharibəsinin sonunda əldə olunan razılaşmaları həyata keçirməlidir. Zəngəzur dəhlizi açılmalı, bölgədə qanunsuz mədən işlərinə, Azərbaycanın sərvətlərinin qeyri-qanuni istismarına son qoyulmalı, insanların ölümünə səbəb olan minaların basdırılması dayandırılmalıdır. Bunlarla yanaşı, sərhədlər demarkasiya edilməlidir. Sülh əlbəttə ki, Azərbaycana xeyir gətirəcək, həm də Ermənistana fayda verəcək. Mən əminəm ki, Paşinyan bu faktı dərk edir. Ancaq təəssüf ki, o, öz ölkəsində öz maraqlarından çox sülhün tanınması ilə bağlı qərarlı hərəkət etmək gücünə malik deyil. Onun ölkəsində və kənarda sülh istəməyən çoxlu qüvvələr var. Ermənistanın qonşularından biri olan Rusiya və İranın müttəfiqliyindən əmin deyiləm və düşünmürəm ki, onlar bölgədə sülh istəyirlər. Yenə də, Ağ Evin və Dövlət Departamentinin bölgədə sülhün bərqərar olunması ilə maraqlanması yaxşı haldır.

– Bir müddət əvvəl Qarabağa səfər etmisiniz. Hazırda həmin ərazilərdə bir tərəfdə böyük dağıntılar var, digər tərəfdə isə geniş yenidənqurma işləri aparılır. Qarabağda müşahidə etdiklərinizlə bağlı təəssüratlarınız necədir?

– İki əsas təəssüratım oldu. Ermənilərin orada həyata keçirdiyi dağıntı qarşısında sadəcə olaraq sarsıldım. Bir amerikalı kimi bu, ikiqat təsirlidir, çünki ABŞ-də erməni təbliğatı çox güclüdür və yanlış təəssürat yaradır. Ermənilər 30 il ərzində işğalda saxladıqları ərazilərdə hər şeyi dağıdıblar və heç nə tikməyiblər. Bu, həqiqətən şokedicidir. Mən heç vaxt belə bir şey görməmişəm. Mən çoxlu döyüş bölgələrində olmuşam, qaynar müharibə zonalarına və ölkələrə səfər etmişəm, ancaq heç vaxt belə bir şey görməmişəm. İşğal zamanı hər şey dağıdılıb, heç nə tikilməyib. Azərbaycanın bölgəni dirçəltmək üçün gördüyü işlərə dərin hörmət hiss edirəm. Azərbaycanın artan gücünü hiss etdim. Azərbaycanın tarixi qələbəsinin simvoluna çevrilən Şuşanın gözəlliyinə və Xudafərin köprüsünün əzəmətinə valeh oldum.

– Əslində, növbəti sualımla bağlı sizin Azərbaycan mətbuatına verdiyiniz müsahibələr var, amma daha ətraflı cavab almaq üçün bu sualı sizə ünvanlamaq niyyətindəyəm. Bildiyiniz kimi, Azərbaycan-İsrail münasibətləri yeni deyil və Bakı İsrailin strategiyasında əsas tərəfdaşa çevrilib. Bu yaxınlarda Azərbaycan İsraildə səfirlik açıb. Ancaq bəzi güclər bu hadisələrdən nədənsə qıcıqlanır. Bundan başqa, onlar həm də regionda sülh prosesini də pozmağa çalışırlar. Sizcə, bu cür qeyri-konstruktiv və qərəzli yanaşmanın səbəbi nə ola bilər?

– Bəli, xüsusən də onlardan biri sizin cənubunuzdadır. Bu, Amerikanın Milli Təhlükəsizliyi üçün inandığım ən dəyərli şeylərdən biridir. Azərbaycanın bir nömrəli dəyəri İrana qarşı tarazlığı qoruması və İsrail, Türkiyə və Azərbaycan üçbucağının arasında yüksəlişi qurmasıdır. Ümid edirəm ki, bu uyğunlaşma dərinləşəcək və daha da güclənəcək. Təbii ki, zaman-zaman Ankara ilə Qüds arasında gərginlik yaşanır. Azərbaycan bu gərginliyi azaltmaq üçün əlindən gələni edir. Ümid edirəm ki, bu günə qədər uğurla işləyən Azərbaycan diplomatiyası bundan sonra daha da uğurlu olacaq. Çünki mənim fikrimdəki bu üçbucaq ABŞ üçün çox böyük dəyərdir. Fikrimcə, Türkiyənin, Azərbaycanın və İsrailin maraqları Amerikanın maraqları ilə yüz faiz üst-üstə düşür. Ancaq yenə də başqa bir maneə var. Bu, Bayden administrasiyasının ənənəvi dünyagörüşüdür. Bu, Obama administrasiyası ilə eyni dünyagörüşüdür. Prezident Obama Yaxın Şərqi sabitləşdirmək üçün ABŞ, Rusiya və İran arasında strateji razılaşmaya vasitəçilik etmək istəyirdi. Baydenin komandası da bunu davam etdirir. İran Rusiyanı pilotsuz uçuş aparatları ilə təmin edir, küçələrdə etirazçıları öldürür, keçmiş ABŞ rəsmiləri də daxil olmaqla, Amerika torpaqlarında amerikalıları öldürmək üçün planlar həyata keçirir.

– Təəssüf ki, xüsusilə son vaxtlar ABŞ Konqresinin üzvlərinin bəzi anlaşılmaz bəyanatları və davranışları Azərbaycan xalqında ciddi narahatlıq yaradır. Bu məsələyə baxışınız necədir?

– Konqresdə etnik lobbilərin əhəmiyyətli təsirinin olduğunu bilirsiniz. Erməni lobbisi, yunan lobbisi və başqaları münaqişənin Bakı üçün məqbul olan şərtlərlə həlli istiqamətində Azərbaycanın səylərini əngəlləmək üçün çoxlu vəsait sərf edirlər. Bu, sadəcə, faktdır. ABŞ-ın rəsmi dairələrində – Ağ Evdə, Dövlət Departamentində və hərbi sahədə Azərbaycanın artan strateji dəyərinin qiymətləndirilməsinin zəruriliyi hər gün bir qədər də gün üzünə çıxır. Bunun bir çox konqres üzvlərinə də təsiri olacaq. Maneələr həmişə olub və olacaq. Bunu həyatın reallığı kimi qəbul etmək lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir