• Şb. Noy 23rd, 2024

Mehmet Perinçek: “Türkiyə NATO-dan çıxmağa qərar verə bilər” – MÜSAHİBƏ

ByYenigun.news

İyl 26, 2022

Avqustda Türkiyə, İsveç və Finlandiya Şimali Avropa ölkələrinin NATO-ya daxil olmasını müzakirə edəcəklər. Bunun üçün Türkiyə Böyük Millət Məclisi də daxil olmaqla, bütün NATO dövlətlərinin parlamentlərinin Helsinki və Stokholmun Şimali Atlantika Alyansına qəbul edilməsi haqqında protokolları ratifikasiya etməsi zəruridir. Amma bu, çox ciddi suallar doğurur.

İsveç və Finlandiya Türkiyə ilə imzalanmış memoranduma hörmətsizlik nümayiş etdirməkdə davam edirlər, baxmayaraq ki, bu memorandumdan sonra Ankara şimal ölkələrinin alyansa daxil olmasına qoyduğu vetonu ləğv etdi. Lakin bununla belə, Ankara parlamentdə ratifikasiyanı başqa bir təzyiq vasitəsi olaraq saxladı.

İsveç və Finlandiya hökumətlərinin davranışını nəzərə alsaq, avqustda danışıqlar çətin keçəcək. Çünki üzərlərinə götürdükləri öhdəliklərə baxmayaraq, Helsinki və Stokholm FETÖ nümayəndələri kimi, terrorda şübhəli bilinən kürd fəallarını da təhvil vermirlər. Bundan əlavə, Kürdüstan Fəhlə Partiyası (PKK) və onun qolu olan PYD və YPG tərəfdarlarının etirazları bütün İsveçi bürüyüb. Höteborq və Stokholmda baş tutan nümayişlərdən sonra İsveçin Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili ölkənin Xarici İşlər Nazirliyinə çağrılıb.

Vəziyyəti Oxu.Az-a şərh edən türkiyəli tarixçi və politoloq Mehmet Perinçek qeyd edib ki, avqustda aparılacaq danışıqların uğurlu olacağı ehtimalı azdır:

– Türkiyənin NATO ilə problemləri var və bu, təkcə Finlandiya və İsveçin Şimali Atlantika Alyansına qoşulması məsələsi ilə bağlı deyil. Ankara daim onu maraqlandıran strateji mövzulara diqqət çəkir, lakin NATO Türkiyənin maraqlarını diqqətə almır.

– Söhbətin nədən getdiyini açıqlaya bilərsinizmi?

– Kürd terrorçularının maraqlarına xidmət edən təkcə Finlandiya və İsveç deyil, NATO və ABŞ da Suriyada onları açıq şəkildə təchiz edir və dəstəkləyirlər. Kürdüstan Fəhlə Partiyası ən böyük dəstəyi məhz Vaşinqtondan alır.

Həmçinin Şərqi Aralıq dənizi məsələsi də var ki, burada artıq Türkiyə ilə digər NATO ölkələri arasında, demək olar ki, açıq qarşıdurma mövcuddur. ABŞ anti-Türkiyə bloku yaradıb və Türkiyənin təhlükə kimi qəbul etdiyi dənizdə təlimlər keçirilir.

– Anti-Türkiyə bloku dedikdə ABŞ, Yunanıstan və Fransanı nəzərdə tutursunuz?

– Ümumilikdə, bəli. Türkiyə Egey dənizi istiqamətindən də əhatə olunub. Hərbi bazalar yaradılıb və bu bazaların təkcə Rusiyadan qorunmaq məqsədi daşımadığı göz qabağındadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Amerika bazalarının Trakyada, Yunan adalarında yerləşdirilməsi Türkiyə üçün təhlükədir.

Qərb Gülənin FETÖ hərəkatından olan terrorçuları dəstəkləyir. NATO və ABŞ gülənçilərin köməyilə Türkiyədə hərbi çevrilişə cəhd etdilər. Onlar Rəcəb Tayyib Ərdoğanı devirmək niyyəti ilə bərabər, həmçinin onu fiziki cəhətdən də aradan qaldırmağa çalışırdılar.

Buna görə də indi Türkiyə ilə NATO ölkələri arasında ciddi və faciəvi qarşıdurma var. Təkrar edirəm, bu problem İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına qoşulması məsələsi ilə məhdudlaşmır. Təbii ki, NATO Ankaranı qane etməyən planlardan əl çəksə, o zaman münasibətlərin yoluna qoyulması mümkün ola bilər. Amma gördüyümüz kimi, ABŞ və Alyans ölkələrinin belə bir istəyi yoxdur. Onlar Şərqi Aralıq dənizi və digər bölgələrdəki planlarından əl çəkməyib, kürd separatçılarına və terrorçularına, həmçinin FETÖ fəallarına dəstək verməkdə davam edirlər.

Beləliklə, avqustda aparılan danışıqlar razılaşmaya gətirib çıxarmayacaq. Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olması üçün öz şərtlərini təklif etdi, lakin bu ölkələr memorandumun bir bəndini belə, yerinə yetirmədilər.

Baş verən hər şeyi nəzərə alaraq, güman edə bilərəm ki, Türkiyə NATO-dan çıxmaq barədə qərar verə bilər. Çünki Alyansda Ankaranın maraqları sadəcə olaraq nəzərə alınmır. Bu məsələ Türkiyənin gündəmində olacaq. Bəli, bu gün və ya sabah olmasa da, yaxın gələcəkdə olacaq. Türkiyə NATO tərkibində öz milli təhlükəsizliyini təmin edə bilməz.

Yeni beynəlxalq alyans yaradılmalıdır və artıq bu barədə danışıqlar gedir. Söhbət ilk növbədə türk dövlətlərindən – Azərbaycandan, Orta Asiya ölkələrindən gedir. Rusiya, Pakistan, Hindistan, Çini də cəlb etmək olar (baxmayaraq ki, son üçü arasında ziddiyyətlər var). Hətta İranla belə, razılığa gəlmək olar və bu yaxınlarda Tehranda keçirilən sammit (Astana formatında – red.) də bunu  göstərdi. Türkiyənin NATO-da iştirakı bu şəkildə tamhüquqlu ittifaqın yaradılmasına mane olur.

Türkiyənin NATO-dan çıxarılması mümkün deyil, təşkilatın nizamnaməsində bu, sadəcə, olaraq nəzərdə tutulmur. Amma eyni zamanda alyans ölkələri Türkiyənin maraqlarını nəzərə almadan istədiklərini edirlər.

– Belə çıxır ki, NATO ölkələri, ilk növbədə ABŞ, Fransa və Yunanıstan özləri elə davranırlar ki, Türkiyə alyansdan çıxsın?

– Belə də demək mümkündür. Onlar Türkiyəyə qarşı açıq düşmənçilik nümayiş etdirirlər. Və bu, Türkiyənin həyati maraqlarına mənfi təsir göstərirsə, o zaman Ankara niyə alyansda qalmalıdır? Bu məsələ artıq Türkiyə siyasətində müzakirə olunur. Bu barədə “Vətən” partiyasında danışılıb. Və bir müddət əvvəl Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyasının ortağı olan Milliyyətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçalı Türkiyənin NATO-dan çıxma ehtimalından bəhs edib. O bəyan edib ki, Türkiyə NATO-dan əvvəl də mövcud olub, Şimali Atlantika Alyansı olmasa belə, Türkiyə mövcudluğunu davam etdirəcək. Türkiyə Cümhuriyyətinin varlığı heç bir halda NATO-ya üzvlükdən asılı deyil.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir