Meksikanın Miçoakan ştatının aparıcı mətbu orqanlarından olan “Quadratin” qəzetində səfir Məmməd Talıbovun Meksika Deputatlar Palatasında fəaliyyət göstərən Meksika-Ermənistan parlamentlərarası dostluq qrupunun sədrinin Ermənistana səfərindən sonra yayılmış böhtan xarakterli məlumata geniş cavab müsahibəsi dərc olunub, həmçinin internet səhifəsində qısa videoreportaj yayımlanıb.
Bu barədə Azərbaycanın Meksikadakı səfirliyi məlumat yayıb.
Yazıda ilk olaraq Ermənistan tərəfinin Meksika ictimaiyyətinin regiondakı vəziyyətə o qədər də agah olmamasından istifadə edərək, riyakarcasına böhtan xarakterli məlumatlar yaydığı qeyd olunub.
Daha sonra müsahibədə keçmiş münaqişənin tarixi, Azərbaycanın 20 faizə yaxın torpağının Ermənistan tərəfindən işğal edilməsi, 200 minədək azərbaycanlının etnik təmizləməyə məruz qalması, 1 milyona yaxın azərbaycanlının Ermənistan və işğal olunmuş ərazilərdən qovulması, Ermənistanın BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad olunmasını tələb edən qətnamələrinə məhəl qoymaması, 2020-ci ildə ölkəmizin öz ərazilərini 30 illik erməni işğalından azad etdiyi 44 günlük Vətən müharibəsinin nəticələri, torpaqlarımızın dağıdılması, talan edilməsi, kütləvi şəkildə minalanması barədə məlumat verilib.
Yazıda, həmçinin Azərbaycan hökuməti tərəfindən 1 milyona yaxın qaçqın və məcburi köçkünün öz evlərinə təhlükəsiz qayıtmasının təmin edilməsi üçün işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq və bərpa işlərinin aparıldığı, həmçinin Azərbaycan tərəfindən sərhədlərin delimitasiyası və demarkasiyası, habelə regionda kommunikasiyaların açılması, işğalçılıq siyasətinə baxmayaraq, Ermənistanla sülh sazişinin imzalanması istiqamətində konstruktiv addımların atıldığı barədə məlumat verilib, lakin Ermənistanın müxtəlif təxribatlarla sülh sazişinin imzalanmasına mane olduğu vurğulanıb.
Müsahibədə Ermənistan tərəfinin 2020-ci il 10 noyabr tarixli bəyanatın müddəalarına zidd olaraq, Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə etdiyi, Azərbaycan ərazilərindəki təbii sərvətləri, xüsusən qızıl və mis-molibden yataqlarını talan etdiyi, Azərbaycan ərazilərinin məqsədyönlü şəkildə minalanmasına davam etdiyi, həmin ərazilərdən 2021-ci ildə Ermənistanda istehsal edilmiş minaların aşkarlandığı, məhz Ermənistanın davam edən təxribatları nəticəsində 2020-ci il Vətən müharibəsinin başa çatmasından bu günədək 268 vətəndaşımızın mina partlayışından zərər çəkdiyi, onlardan 3-nün jurnalist olmaqla, 45 nəfərin həlak olduğu meksikalı oxucuların diqqətinə çatdırılıb.
Eyni zamanda, 2020-ci ilin noyabr ayında imzalanmış üçtərəfli bəyanata əsasən, Azərbaycan ərazisində Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi, Ermənistanın sözügedən bəyanata zidd olaraq, özünün silahlı qüvvələrini Azərbaycan ərazisindən indiyədək çıxarmadığı qeyd olunub, habelə Azərbaycan ərazilərində separatçı qruplaşmaların maliyyələşdirilməsi üçün əhalisi yoxsulluqdan əziyyət çəkən Ermənistan tərəfindən yüz milyonlarla dolların xərcləndiyi vurğulanıb.
Sonda işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri barədə məlumat verilib, həmin torpaqlarda bu günə kimi artıq iki beynəlxalq hava limanının tikildiyi, 700 kilometrdən çox yolun salındığı, məktəblərin, “ağıllı” kəndlərin açıldığı, ilk məcburi köçkünlərin öz evlərinə qayıtdığı qeyd olunub. Həmçinin Meksikanın hər zaman beynəlxalq hüququn normalarına sadiq ölkə kimi keçmiş münaqişə zamanı Azərbaycanın ərazi bütövlüyünü tanıyan rəsmi mövqeyinin yüksək qiymətləndirildiyi bildirilib, bundan sonra da Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsinə çağırılması və Azərbaycanla sülh sazişini imzalaması prosesinə dəstək göstərməsinin vacibliyi diqqətə çatdırılıb.