• Şb. Noy 30th, 2024

“Mesenat”, “Əfqanıstan döyüşçüsü”, “vətənpərvər” iş adamı, yoxsa…

ByYenigun.news

May 7, 2022

Mütəşəkkil PR komanda quraraq sosial mediada “mesenat” obrazı yaradan iş adamı Mübariz Mənsimov son günlər yenə öz piarının qurbanına çevrilib. Əslində, bu da bir tələdir – sosial mediada məşhurlaşdırılan “xeyirxah insan” obrazı daim uğur və xeyriyyə addımları ilə gündəmdə qalmalıdır. Bu minvalla şəbəkəyə axan ismarışların da hərdən həqiqətlə tərs mütənasibliyi qəhrəmanı gülünc vəziyyətə qoyur. Necə ki, Mənsimovun son günlər qəfildən yadına düşdüyü “Əfqanıstan gündəliyi”… Mətbuat o dəqiqə faktı yoxlayaraq onun “Mən iki dəfə Əfqanıstanda döyüşlərdə olmuşam” iddiasını təkzib etdi, əslində aşpaz kimi xidmət etdiyini ortalığa çıxardı.

Oxu.Az xəbər verir ki, bu Mənsimov və komandasının piarının ilk rüsvayçı halı deyil. Bir müddət əvvəl də sosial şəbəkə seqmentinin rəğbətini qazanmağa yönəlmiş “Şirkətimdə üçüncü nəsil erməni olduğunu eşitsəm, dərhal qovaram. Azərbaycanlı erməni ilə əməkdaşlıq edərsə, o, azərbaycanlı deyil, xaindir” icmarışı ünvanlanmışdı. Reallıq bəs nədən ibarət oldu? Türkiyə mətbuatı FETÖ ilə əlaqədar həbs edilən Mübariz Mənsimovun ABŞ xəzinəsini bir milyard dollarlıq aldadan və 130 il həbs cəzası istənilən amerikalı iş adamı Levon Termencyanla əlaqələrinin olması ilə bağlı danılmaz faktlar, fotosübutlar dərc etdi. Məlum oldu ki, 2016-cı ildə Mənsimovla bu adam şərikli olaraq “Palmali USA LLC” gəmi şirkəti yaradıblar.

Mübariz Mənsimovun digər bir obrazı “işçilərinə qarşı vicdanlı, ədalətli rəhbər” olması ilə bağlıdır. Bu ismarış da yayılandan sonra məlum oldu ki, onun “Shovket Alekperova” adlı şirkət gəmisinin 150 işçisi yüzminlərlə dollar dəyərində olan maaşlarını ala bilmir, gəmidəki yemək və təmiz su problemindən də əziyyət çəkiblər. Mənsimovun ailə dəyərlərinə, dosta-qardaşa sadiq olan bir insan obrazı da bu illər ərzində puç oldu. Belə ki, onun əməllərindən öz doğma qardaşı da əziyyət çəkib. 

Onun qardaşı Maarif Mənsimov prokurorluğa ünvanladığı şikayət ərizəsində qardaşının çirkli əməllərinə və şəriklərini aldatmasına etiraz olaraq, şirkətdəki bütün vəzifələrindən imtina etdiyini bəyan edib. Qardaşı Mübariz Mənsimovun şirkətinin rəhbəri olan Nuray N.P. ilə birlikdə işlədikləri hər kəsi saxta vədlərlə aldatdığını bildirən Maarif Mənsimov 17 il əvvəl qardaşından satın aldığı Beşiktaşın Ulus məhəlləsindəki villasının sənədlərini hələ də ala bilmədiyini də bildirib.

Mübariz Mənsimovun “Sberbank”, “Lukoil” kimi yerli və xarici qurumlara ziyan vura biləcək saxtakarlıqlar etdiyi qeyd olunan ərizədə: “Etdikləri hüquqazidd hərəkətləri ilə dövlətə və cəmiyyətə zərər verən bu insanların haqq etdiyi cəzanı alması üçün bu şikayəti etməyi vacib saydım”, – deyə o, prokurorluğa yazdığı ərizəsində bildirib.

Xronologiyaya nəzər yetirəndə məlum olur ki, “xeyriyyəçi iş adamı” Mənsimov hər növbəti maliyyə maxinasiyası ərəfəsində sosial şəbəkələrə növbəti “qəhrəmanlıq salnaməsini” ötürür. Çox keçmir ki, onun fırıldaqları yeni formada özünü büruzə verir. Görək, “əfqan döyüşçüsü”nün bu dəfə hansı maxinasiyaları üzə çıxacaq.

Abbas Qasımov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir