“Azərbaycanla Türkiyənin sarsılmaz birliyi Qafqazda nifaq yaratmaq istəyənləri yerində oturdur”.
Bunu “Report”un yerli bürosuna açıqlamasında Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Yeditepe Universitetinin professoru Mesut Hakkı Çaşın deyib.
Şura üzvü İstanbulda keçirilən “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənaye Sərgisində Azərbaycan stendini ziyarət edib.
O, Qafqaz regionunda sülhü istəməyən qüvvələrə bu sərgidə nümayiş olunan həm Türkiyənin, həm Azərbaycanın, həm də bütün türk dövlətlərinin istehsal etdiyi məhsulları diqqətlə nəzərdən keçirməyi tövsiyə edib.
Professor vurğulayıb ki, Qafqazda qarışıqlıq yaratmaq istəyənlərə Azərbaycanla Türkiyənin, eləcə də bütün türk dünyasının bu beynəlxalq sərgidə nümayiş olunan məhsulları ən yaxşı cavabdır.
Ekspert sərgidə nümayiş edilən Türkiyə Silahlı Qüvvələrinin istehsal etdiyi təyyarələr, silah sistemləri və digər sursatların böyük etibar qazandığını söyləyib:
“Azərbaycanlı qardaşlarımız da bunlardan çox məmnundurlar. Digər ölkələr də bu məhsulları əminliklə alırlar. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın da söylədiyi kimi, Türkiyə bu il müdafiə sənayesi sahəsində altı milyard dollarlıq məhsul ixrac etməyi qarşısına məqsəd qoyub”.