Türkiyənin Milliyyətçi Hərəkat Partiyası sədrinin müavini İsmail Özdemir Ermənistanın Qarabağla bağlı təxribatçı siyasətinin bölgədə gərginliyin artmasına səbəb olduğunu deyib.
“Erməni tərəfinin razılaşmaya əks hərəkəti, bölgədə erməni terrorçularının qarşısını almaması, xüsusilə Xankəndi ilə bağlı təxribatçı fəaliyyəti bölgədə gərginliyin artmasına səbəb olub. İrəvan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdənsə, vəziyyəti daha da pisləşdirib. Ermənistan tərəfi sülh prosesini faktiki olaraq dayandırıb və Azərbaycanın haqlı tələblərinə baxmayaraq, İran, Hindistan və Fransadan aldığı əlavə hərbi texnika ilə regionda yeni hərbi konsentrasiya yaratmağa başlayıb. Bu mərhələdə qondarma seçkilər və Xankəndidə keçirilən digər tədbirlər bir daha göstərdi ki, sülhə qarşı fəaliyyət aparılır”, – deyə Özdemir bəyan edib.
O, gündəmdə Zəngəzur dəhlizinin də olduğunu bildirib.
“Zəngəzur dəhlizi ssenari deyil, bu, Azərbaycanın öz haqqıdır. Bu vəziyyəti geosiyasi dəyişiklik kimi şərh etmək bədniyyətli bir münasibətdir. Bu, regionun reallıqlarını görə bilməmək və qəbul edə bilməmək deməkdir”, – MHP sədrinin müavini qeyd edib.
O, həmçinin Türkiyənin Azərbaycana dəstəyini vurğulayıb.
“Türkiyə Şuşa bəyannaməsi ilə hər sahədə Azərbaycana sadiqliyini nümayiş etdirib və Azərbaycana qarşı istənilən düşmənçilik hərəkətinin özünə qarşı ediləcəyini, “Bir millət, iki dövlət” reallığı ilə hərəkət edəcəyini bəyan edib”, – deyə Özdemir fikirlərini yekunlaşdırıb.
Mənbə: Haber Global