• Ca. Noy 28th, 2024

“Milli Məclis Rusiya Dövlət Dumasına etiraz məktubu göndərməlidir” – RƏY + FOTO

ByYenigun.news

İyl 21, 2023


“Rusiyalı deputat Pyotr Tolstoyun açıqlaması Rusiya-Azərbaycan münasibətlərinə kölgə salır, Rusiya Dövlət Dumasına etiraz məktubu göndərilməlidir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, son illər Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə inkişaf edir:

“Amma təəssüf ki, Rusiyanın ermənipərəst siyasətçiləri düşmənçilik və təxribat ruhlu açıqlamalar verməklə ölkələrimiz arasındakı münasibətlərə xələl gətirməyə çalışırlar. Həm də təəssüfedici məqamlardan biri də Rusiya mətbuatında Azərbaycana qarşı təbliğatın genişlənməsidir. Ölkəmizə olan bu informasiya hücumunun Rusiya Xarici İşlər Nazirliyinin Laçın yolu ilə bağlı açıqlamasından sonra vüsət almasını təsadüfi hesab etmirəm. Amma onlar unudurlar ki, Azərbaycan müstəqil ölkədir və heç kimdən asılılığı yoxdur. Bu gün Azərbaycan dünya dövlətləri sisteminin fəal üzvüdür. O cümlədən dünyanın ən böyük ikinci təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik edir. Həm də BMT TŞ-yə qeyri-daimi üzvü seçilərək bu təşkilata sədrlik edib. O cümlədən Azərbaycanın Rusiyadan asılılığı yoxdur və 32 ildir ki, öz müstəqilliyini yaşayır və möhkəmləndirir”.

Deputat bildirib ki, Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı hörmət əsasında qurulub:

“Azərbaycan, Ermənistandan fərqli olaraq, kimlərinsə diktəsi ilə deyil, ancaq müstəqil şəkildə addım atır. Tolstoy, Zatulin, Milonov və digərlərinin xoşlarına gəlməsə də, Azərbaycan beynəlxalq münasibətlərini bütün ölkələrlə müstəqil dövlət ruhunda davam etdirir. Azərbaycana düşmən gözü ilə baxan dairələr bilməlidirlər ki, Azərbaycan öz ərazi bütövlüyünü döyüş meydanında təmin edib. Bu gün ölkədaxili məsələləri də heç kimlə müzakirə aparmadan daxili qanunlara uyğun tənzimləyir. O cümlədən Qarabağda ermənilərin yaşadıqları və Rusiya sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilər də Azərbaycanın suveren ərazisinin tərkib hissəsidir.

Pyotr Tosltoya xatırlatmaq istəyirəm ki, 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın icrasına görə Rusiya da öhdəlik götürüb. Belə ki, Azərbaycan bu bəyanatdan irəli gələn bütün məsələləri icra edib. Amma Ermənistan və Rusiya imza atdığı öhdəlikləri hələ də icra etmirlər və Tolstoy və Zatulin kimilər Üçtərəfli Bəyanatın icrasından danışmağın əvəzinə, Ermənistana haqq qazandırmağa çalışırlar”.

Parlamentari söyləyib ki, Ermənistan və Rusiya öz öhdəliklərini icra etməzlərsə, Azərbaycan Üçtərəfli Bəyanatı qüvvədən düşmüş hesab edə bilər və Ermənistanla sərhədi tamamilə bağlamaq hüququna malikdir:

“Amma Azərbaycan hələ də humanistlik nümayiş etdirərək Laçın yolunu humanitar hərəkətlər üçün açıq saxlayaraq Ermənistan və Rusiyadan Üçtərəfli Bəyanatın 4, 6 və 9-cu bəndlərin icrasını tələb etməklə kifayətlənir. Onlar bilməlidirlər ki, Azərbaycan əbədi gözləmə mövqeyində dayanmaq fikrində deyil. Necə ki 30 ildən sonra döyüş meydanında öz ərazisi bütövlüyünü təmin etdi, Qarabağda yaşayan ermənilərin məsələlərini də ölkə qanunlarına uyğun həll etməklə bu məsələyə nöqtə qoya bilər”.

A.Badamov qeyd edib ki, Rusiya Dövlət Dumasının deputatı Pyotr Tolstoyun açıqlaması anlaşılan deyil:

“Bunu Azərbaycan və Rusiya prezidentlərinin imzaladıqları Müttəfiqlik haqqında Bəyannamənin ruhuna zidd olmaqla ölkələrimiz arasındakı münasibətlərə kölgə salmaq cəhdi hesab edirəm. Pyotr Tolstoyun açıqlamasına görə Rusiya Dövlət Dumasına etirazımızı göndərməyi və dövlətlərarası münasibətlərə xələl gətirəcək belə məsələlərdə deputatların məsuliyyətli davranmalı olduqlarını xatırlatmağı vacib hesab edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir