Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 12-də Bolqarıstan Respublikasının Baş naziri Nikolai Denkov ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafından məmnunluq qeyd edilib. Vurğulanıb ki, dost və strateji tərəfdaş olan ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq digər sahələrdə də uğurlu əməkdaşlıq üçün zəngin baza yaradır. Xüsusilə 2015-ci ildə Bolqarıstan və Azərbaycan arasında imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə yüksəldib. Bildirilib ki, iqtisadi əlaqələr ölkələrimiz arasında ikitərəfli münasibətlərin əsas komponentlərindən biridir. O cümlədən, ölkələrimiz arasında əlaqələrin əsas istiqamətlərindən biri də enerji sahəsində əməkdaşlıqdır. Baş nazir Nikolai Denkov ikitərəfli əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlığın da vacibliyini qeyd edərək, Milli Məclis sədrinin bu səfərinin münasibətlərin inkişafına töhfə verəcəyinə inamını ifadə edib.
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda müxtəlif sahələrə investisiya imkanlarını, Azərbaycanın müasir nəqliyyat infrastrukturunu və tranzit ölkə kimi mühüm rolunu qeyd edərək, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğunu bildirib. Milli Məclisin sədri Ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın səmərəli fəaliyyətinin əməkdaşlıq sahələrinin şaxələndirilməsinə imkan verəcəyini qeyd edib.
Baş nazir Nikolai Denkov deyib ki, Bolqarıstan Azərbaycanda nəqliyyat və logistika sahəsinin, nəqliyyat dəhlizlərinin inkişafında, o cümlədən, əczaçılıq, informasiya texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Görüşdə humanitar sahədə də əməkdaşlıq diqqətə çatdırılaraq, qeyd edilib ki, Azərbaycan və Bolqarıstan xalqları arasında dostluq dövlətlərarası münasibətlərin inkişafı üçün möhkəm əsasdır. Xalqlarımız arasında humanitar əlaqələr zəngin tarixə malikdir. Təhsil, elm, mədəniyyət sahələrində əməkdaşlıq, qarşılıqlı əsasda mədəni tədbirlərin keçirilməsi kimi tədbirlər xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir. Xüsusilə, 2016-cı ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Veliko-Tırnovo şəhərinin Trapezitsa Memarlıq Muzeyi Qoruğunun bərpa edilməsinin sıx humanitar əlaqələrimizin daha bir nümunəsi olduğu vurğulanıb. Həmçinin, 2022-ci ilin sentyabrında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa ilə Veliko Tırnovo şəhərləri arasında qardaşlıq əlaqələrinin yaradılması haqqında Memorandumun da önəmi ifadə edilib.
Görüşdə Milli Məclisin sədri Sahibə Qafarova 2020-ci ildə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə və öz ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda yeni yaranmış vəziyyət haqqında məlumat verib.
Ermənistanın Laçın yolu ətrafında apardığı yalan və uydurma təbliğata diqqət çəkən Milli Məclisin sədri vurğulayıb ki, Laçın yolu açıq olub və indi də açıqdır. Orada hər hansı blokadadan söhbət belə gedə bilməz. Laçın yolu Azərbaycanın ərazisidir. 2023-cü ilin aprel ayında Azərbaycan Respublikası beynəlxalq hüququn normalarına müvafiq surətdə öz suveren hüququnu həyata keçirərək Laçın sərhəd-buraxılış məntəqəsini qurub. Spiker Sahibə Qafarova xatırladıb ki, Azərbaycan Xankəndi şəhərinə və ətraf kəndlərə humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif edib və bu təklif beynəlxalq səviyyədə də dəstək alıb. Amma təəssüf ki, Ermənistan bu yoldan istifadə etmək istəmir. Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan vətəndaşları olduqlarını bildirən Sahibə Qafarova xatırladıb ki, onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində lazımi addımlar atılıb. Prezident İlham Əliyev də dəfələrlə deyib ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Milli Məclisin sədri bir daha bəyan edib ki, Azərbaycanın Qarabağ bölgəsində “gərgin humanitar vəziyyət”in yaranması, bölgədə yaşayan erməni milliyyətli sakinlərin guya ərzaq və dərman çatışmazlığı ilə üzləşməsi barədə Ermənistan tərəfindən irəli sürülən absurd iddialar beynəlxalq ictimaiyyəti çaşdırmağa yönələn və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hədəf alan manipulyasiyadan başqa bir şey deyil.
Görüşdə spiker Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qeyri-qanuni, qondarma rejimin “prezident seçkiləri”nə də münasibət bildirərək, bu təxribatçı addımı ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün, Azərbaycan Konstitusiyasının və qanunvericiliyinin, habelə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması kimi dəyərləndirib.
Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan xalqı sülh və sabitlik istəyir. Münaqişə qurbanı olmasına baxmayaraq, məhz Azərbaycan Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərqərar edilməsi, Ermənistanla münasibətlərin beynəlxalq hüququn normaları və prinsipləri əsasında normallaşması üçün sülh təşəbbüsü irəli sürüb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.