May ayının 31-də Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçirilib. İclasda çıxış edən parlamentin spikeri Sahibə Qafarova sessiyanın yekunlarına aid məlumatında ötən dövrdə 14 iclas keçirildiyini, 91 qanun layihəsinin qəbul edildiyini söyləyib. Bu qanun layihələrindən biri yeni, 72 qanun layihəsi isə dəyişiklik edilən sənədlər olub. 18 beynəlxalq müqavilə parlament tərəfindən təsdiq olunub.
Sahibə Qafarova qeyd edib ki, Milli Məclis Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirib.
Oxu.Az xatırladır ki, parlamentin 2023-cü il yaz sessiyasının gündəliyinə daxil edilmiş yeni hazırlanan qanun layihələri aşağıdakılardır:
– “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;
– Rəqabət Məcəlləsinin layihəsi;
– “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi;
– “Ali təhsil haqqında” qanun layihəsi;
– “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi.
Qeyd olunan qanun layihələrinin heç biri plenar iclasda müzakirəyə çıxarılmayıb. Lakin parlamentin Mədəniyyət komitəsi Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi ilə birlikdə “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi ilə əlaqədar, Elm və təhsil komitəsi isə Elm və Təhsil Nazirliyi ilə birlikdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı ictimai dinləmələr keçirib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində hazırlanan “Kosmik fəaliyyət haqqında” qanun layihəsi isə ancaq birinci oxunuşdan keçib, layihənin müzakirəsi yarımçıq qaldığından növbədənkənar sessiyada müzakirəsinin davam etməsi gözlənilir.
2023-cü ilin yaz sessiyasında yeni hazırlanan, plenar iclaslarda müzakirə edilən və hər üç oxunuşdan keçərək, qəbul edilən yeganə “Elektroenergetika haqqında” qanun layihəsi olub. Bu qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.
Aysel Aslan