Fevralın 26-da Azərbaycan Misirin səfirliyində Xocalı soyqırımı ilə əlaqədar anım mərasimi keçirilib. Tədbirdə Misirdə yerləşən Azərbaycan icması, yerli mətbuat nümayəndələri və Misir ziyalıları iştirak edib, Xocalıda baş vermiş faciəni əks etdirən foto sərgi nümayiş etdirilib.
Bu barədə Azərbaycanın Misirdəki səfirliyi məlumat yayıb.
Bildirilib ki, anım mərasimi Xocalı faciəsi qurbanlarının xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmış, Səfirliyin müşaviri R.Vəliyev çıxış edərək, erməni silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş dəhşətli faciəni dinc əhaliyə qarşı işlənmiş ən ağır cinayət və dünya tarixinin ən qanlı səhifələrindən biri kimi xarakterizə edib, bu hadisənin baş vermə səbəbinin Ermənistanın dövlət səviyyəsində Azərbaycan qarşı həyata keçirdiyi nifrət, vəhşilik və zorakılıq siyasətinin nəticəsi olduğunu söyləyib. R. Vəliyev Azərbaycan xalqının qan yaddaşına yazılmış bu faciənin hazırda dünyanın bir neçə beynəlxalq təşkilatı, o cümlədən 18 dövlətin qanunvericilik orqanları tərəfindən soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən qətnamələr qəbul etdiyini, buna baxmayaraq, bu cinayəti törədənlərin indiyədək məsuliyyətə cəlb edilmədiyini söyləmiş və Azərbaycan xalqının Xocalı soyqırımına hüquqi qiymətin verilməsi və bu dəhşətli faciəni törədənlərin layiqli cəzalarını almalarını arzu etdiklərini vurğulayıb.
Misir ziyalısı M. Sələmə çıxış edərək, Xocalı qətliamı ilə bağlı öz fikirlərini bölüşüb, müdafiəsiz dinc əhalisinə qarşı törədilmiş bu soyqırımın yüzlərlə uşağın, qocanın və qadının həlak olmasının, bir şəhərin yerlə-yeksan edilməsinin bariz nümunəsi olaraq dünya tarixinin nadir faciələrindən biri kimi qiymətləndirib, bu yaşanmış faciəyə baxmayaraq Azərbaycan silahlı qüvvələrinin 44 günlük Vətən Müharibəsi zamanı humanitar qaydalara əməl etdiyini, təmkinliliyə və insani davranışına sadiq qalmasına diqqət çəkib.
Azərbaycanın Misirdəki icmasının rəhbəri S.Nəsibov Xocalı faciəsinin planlı şəkildə erməni vəhşiliyinin davamı olaraq baş verdiyini, bu soyqırım aktının mövcud beynəlxalq hüquq çərçivəsində qiymət verilməsinin vacibliyini vurğulayıb, bunun üçün bütün imkanlardan istifadə edilməsində dünyadakı icmaların fəaliyyətinin gücləndirilməsini təklif edib.
Misirli jurnalist M.Yasin çıxış edərək, Misir xalqının bu faciəli günlərində Azərbaycanın yanında olduğunu söyləyərək, Xocalı soyqırımını bütün bəşəriyyətə qarşı törədildiyini, bu faciənin irqi ayrı-seçkilik və zorakılıq aktı kimi dünya tarixində qara ləkə olaraq qalacağını bildirib.
Qeyd olunub ki, tədbir çərçivəsində, fotosərgi ilə yanaşı, qonaqlara 20 yanvar hadisələrinə həsr edilmiş video çarxlar nümayiş etdirilmiş, ərəb dilində nəşr olunmuş kitablar paylanılıb.