Rusiya paytaxtında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından iftar verilib.
APA-nın Moskva müxbirinin məlumatına görə, 1500 nəfərdən çox insanın iştirak etdiyi iftar süfrəsi Moskva müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı və Rusiya müsəlmanları Ruhani İdarəsi və Moskva hökumətinin dəstəyi ilə “Poklannaya qora”da qurulan Ramazan çadırında keçirilən “Azərbaycan axşamı” çərçivəsində baş tutub.
Bu il gecə “Ailə ili”nə həsr olunub.
Moskvada müsəlman dini məktəbinin direktoru Ənəs Həzrət Məmmədov tədbirə ev sahibliyi etdiyi üçün Heydər Əliyev Fonduna təşəkkür edib. O bildirib ki, Rusiyanın mərkəzində, Moskva şəhərində bu qədər insanları bir araya toplamaq, bu qədər insanlara bizim ölkəmizin, millətimizin gözəl mətbəxini, adət-ənənələrini göstərmək asan bir şey deyil: “Bu böyük bir tədbirdir. Bizim üçün böyük fəxrdir ki, Heydər Əliyev Fondu Moskvada bu işi neçə illərdir ki, görür”.
Tədbir çərçivəsində dini-mənəvi dəyərlərə verdiyi yüksək qiymətə, layihəyə təşkilati, yaradıcı və mənəvi dəstək verdiyinə görə Moskva şəhərinin müftisi, Moskva cümə məscidinin baş imamı İldar Alyautdinovun adından Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür məktubu təqdim olunub.
Daha sonra din xadimi tərəfindən azan oxunub, Moskva müsəlmanları iftar açıblar. Onlara Azərbaycan mətbəxinin milli nümunələri təqdim olunub. Gecədə “Buta” triosunun ifasında Azərbaycan muğamı və musiqisindən parçalar səslənib, müsəlman məktəbinin şagirdləri Məhəmməd peyğəmbərin həyatından bəhs edən teatrlaşdırılmış səhnəciklər təqdim ediblər.
Qeyd edək ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi artıq 18 ildir ki, Moskvada təşkil olunan “Ramazan çadırı” layihəsində iştirak edir. “Ramazan çadırı” Rusiya Müftiləri Şurasının Moskvada yaşayan və İslam dininə ibadət edən çoxsaylı xalqların nümayəndələrini birləşdirən və onlar arasındakı əlaqələri möhkəmləndirmək məqsədi ilə həyata keçirilən vacib layihədir.