Sentyabrın 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını ziyarət edib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin hospitalın həyətində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyulub. Ulu Öndərin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə Nazirliyinin rəhbər heyəti Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı yaralanan və hospitalda müalicə olunan hərbi qulluqçularla görüşərək onların səhhəti və qayğıları ilə maraqlanıb.
Müdafiə nazirinə məruzə olunub ki, hospitalda yaralı hərbçilərimizin müalicəsi üçün bütün tibbi personal yüksək peşəkarlıqla fəaliyyət göstərir.
Nazir palatalarda müalicə olunan hərbi qulluqçulara baş çəkib, onların səhhəti və reabilitasiya prosesi ilə maraqlanıb, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzulayıb.
Müdafiə naziri antiterror tədbirləri zamanı ağır relyef şəraitində hərbçilərimizin qəhrəmanlıq, şücaət və peşəkarlıq nümayiş etdirərək qısa müddət ərzində bütün istiqamətlər üzrə əldə etdiyi əhəmiyyətli dərəcədə hərbi uğurların Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Sonda nazir yaralı hərbi qulluqçularımıza göstərilən xidmətin daha keyfiyyətli təşkil olunması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.