“Türkiyə – Ermənistan münasibətlərinin dondurulmasının səbəbi Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması idi. Çox şükür, işğal sona çatdı və bölgədə siyasi sabitlik və iqtisadi inkişaf üçün yeni perspektivlər yarandı”.
Bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında jurnalistin ona ünvanlandığı cavab olaraq deyib.
Xatırladaq ki, mətbuat konfransında iştirak edən jurnalistlərdən biri hər iki ölkənin XİN rəhbərlərindən son günlər Ermənistan mətbuatında Türkiyə-Ermənistan münasibətlərinin nizama salınması istiqamətində dərc edilən yazıları və bunun fonunda Türkiyə-Ermənistan sərhədlərinin açılması istiqamətində aparılan işlərin tamamlanmağa yaxın olmasına dair məlumatlara münasibət bildirmələrini istəyib.
Hakan Fidan Azərbaycan və Ermənistan XİN başçılarının istər Brüsseldə, istərsə də Moskvada apardıqları danışıqları diqqətdə saxladıqlarını vurğulayıb.
O əlavə edib ki, Türkiyə prezidentinin də iradəsi ondan ibarətdir ki, Türkiyə ilə Ermənistan arasındakı problemlərin həlli yalnız Azərbaycan və Ermənistan arasında münasibətlərin tam nizama düşməsi ilə mümkün ola bilər.
Suala cavab verən Azərbaycanın XİN başçısı Ceyhun Bayramov isə Prezident İlham Əliyevin 2021-ci ilin yanvar ayında etdiyi bəyanata toxunub:
“Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan düşmənçilik səhifəsini çevirməyə və sülh danışıqları istiqamətində fəaliyyət göstərməyə hazırdır. Bu, qalib dövlətin və qalib bir liderin atdığı addım idi. Bununla paralel olaraq Azərbaycan Ermənistan-Türkiyə normallaşmasını dəstəklədi. Bununla da həm Azərbaycan, həm Türkiyə bölgəyə baxışını ortaya qoymuş oldu, inkişafın, sülhün tərəfində olduqlarını bəyan etdilər”.
Mənbə: Haber Global