“Bugünkü güclü və qüdrətli Azərbaycan 1918-ci ilin may ayının 28-də müstəqilliyini elan etmiş Azərbaycanın hüquqi varisidir. O zaman Azərbaycan müstəqilliyini elan etsə də, cəmi iki ilə yaxın müstəqil ölkə kimi fəaliyyət göstərməyi bacardı”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O xatırladıb ki, məhz 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyimiz qorunmağa başladı:
“Ölkədə ictimai-siyasi sabitlik hökm sürməyə başladı, iqtisadi inkişafımızın təməli qoyuldu. Ümummilli lider Heydər Əliyev cəsarətli bir addım atdı və Azərbaycanın üçrəngli bayrağını Naxçıvanda elan etdi. Bayrağımız Heydər Əliyevin təşəbbüsü ilə hər yerdə dalğalanmağa başladı.
Ümummilli lider Heydər Əliyev eyni zamanda hakimiyyətə gəldikdən sonra məhz 28 may 1918-ci ildə Azərbaycanın müstəqilliyini elan etmiş azərbaycanlıların adlarının əbədiləşdirilməsi, o tarixi anlara abidənin ucaldılması, İlham Əliyevin İstiqlaliyyət küçəsində abidənin açılış mərasimində iştirak etməsi – bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin məhz tarixi köklərimizə nə qədər böyük önəm verdiyini bir daha göstərir”.
Deputat vurğulayıb ki, bu gün müasir Azərbaycan dünyanın ən güclü, ən qüdrətli ölkələrindən birinə çevrilib:
“Bu da Prezidentin yürütdüyü düşünülmüş, qətiyyətli, prinsipial, düzgün siyasətin məntiqi nəticəsidir. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Azərbaycan dahi sərkərdəmiz, müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazandı, torpaqlarımız işğaldan azad olundu. Bu gün Azərbaycan bayrağı işğaldan azad olunmuş ərazilərdə də dalğalanır, hər zaman da dalğalanacaq”.