• Şb. Noy 23rd, 2024

NATO Çinlə bağlı ilkə imza atır: “Silahlar” Şərqə daşınır – TƏHLİL

ByYenigun.news

İyn 29, 2022

İspaniyanın paytaxtı Madriddə NATO-nun zirvə sammiti başlayıb və hərbi-siyasi təşkilat özünün 2010-cu ildə qəbul edilmiş Strateji Konsepsiyasına yenidən baxacaq.

Bu cür konsepsiyalar NATO üçün əsas sənəddir və Alyansın dəyərlərini, məqsədini vahid amal uğrunda təsdiqləyir, qlobal təhlükəsizlik mühitinə kollektiv qiymətləndirmə meyarları ilə baxışı sərgiləyir.

Yeni strategiyada Rusiya strateji tərəfdaşlıq platformasından silinib atılacaq və daha çox əsl rəqib kimi təsvir ediləcək.

2010-cu ildə qəbul edilmiş sənəddə isə NATO Rusiya ilə münasibətlərinin mahiyyətinin strateji xarakter daşıdığı göstərilirdi.

NATO-nun Rusiya təhdidinə qarşı Alyansın şərq hissəsindəki yüksək hazırlıqlı qüvvələrini 300 mindən çox hərbçiyə qədər artırmaq planı müzakirə olunur.

Bundan əlavə, NATO özünün şərq cinahına daha ağır silahlar, logistika və komanda-nəzarət mərkəzləri yerləşdirməyi düşünür.

NATO-nun bundan sonrakı geosiyasi vəziyyətə baxışı Madriddə qəbul ediləcək Konsepsiyaya əsaslanacaq. Maraqlısı budur ki, Çin də ilk dəfə olaraq rəsmi şəkildə NATO-nun hədəf lövhəsinə gətirilir.

Bu, Rusiya-Ukrayna müharibəsi fonunda Pekinin Moskvaya doğru sürüşdüyünün və ya perspektiv üçün Rusiya ilə əlaqələrinin dərinləşməsinə və onların birgə qlobal maraq təmin etməsinə əks reaksiyanın indikatorudur.

Görünür ki, Qərb Çinin qlobal teatrdakı inkişafını və ambisiyalarını cilovlamaq və özünün hegemonluğunu saxlamaq məqsədi ilə Pekini “düşmən” siyahısına daxil edir.

NATO-nun strategiyasını redaktə etməsində məqsəd Rusiya ilə Çinin münasibətlərini soyutmaq, Tayvan məsələsində Pekinə təzyiq formulları formalaşdırmaqdır.

Lakin sezilir ki, NATO-da Rusiya-Çin münasibətlərini aydın təsvir edən vahid baxış sistemi mövcud deyil, bu tablo Alyansı Çinlə bağlı daha detallı plan üzərində işləməyə təhrik edəcək.

Çinin geosiyasi əzələlərinin kütləsini azaltmaq və dünyadakı rolunu gücləndirməyə çalışmasının qarşısına keçmək o qədər də asan başa gəlməyəcək.

Çünki Çin özünün strateji tarazlıq sistemini elə qurub ki, bu, onun əlini gücləndirir.

Çini sınağa çəkmək üçün ən optimal variant onun Tayvan adasına hücum edəcəyi ilə bağlı narahatlıqları əks etdirmək və ona qarşı sərt dillə (iqtisadi əsaslı) danışmaq yolunu seçməkdir.

NATO-nun yeni Konsepsiyası bir növ Böyük Britaniyanın “Qlobal Britaniya” strategiyasının prioritetlərinə uyğunlaşdırmaq məqsədi daşıyır.

Çinin artan beynəlxalq iddialılığı, onun geoiqtisadi dəyişikliklər yaratmaq sevdası, NATO-nu Çinə qarşı eyni çətir altında cəbhə formalaşdırmağa doğru itələyir.

Qərbin NATO-nun diqqətini şərqə doğru genişləndirməyə çalışması və Çinə qarşı cəbhəni gücləndirmək səylərinin daha bir əlaməti də görünür.

NATO-nun Madriddə keçirilən sammitində ilk dəfə olaraq dörd Asiya ölkəsinin – Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiyanın nümayəndə heyətləri iştirak edir.

Hiss olunur ki, Qərb Rusiya-Ukrayna müharibəsinin perspektiv nəticələrinin yaratdığı qəlpələrin Asiya regionuna sıçramasına hazırlıq görür.

NATO-nun yeni konsepsiyasının icrası onun strateji uyğunlaşmasını Çinin artan hegemonluğuna əks-reaksiya formasında inkişaf etdirəcək.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir