NATO-nun daha bir nemət qazanması – Finlandiyanın Alyansa üzvlüyü – Rusiya-Ukrayna müharibəsinin başlamasından bəri Moskvanın ilk strateji məğlubiyyətidir.
Finlandiyanın NATO-nun tərkibində üzvlük statusu qazanması ölkənin 1940-cı illərdən bəri davam edən uzunmüddətli hərbi birləşmə və ağır silahlı neytrallıq siyasətini yaxşı mənada alt-üst edir.
Rusiya isə 1300 kilometrlik sərhədə malik olduğu Finlandiyanın NATO ailəsinin övladı olmasını qəzəblə izləyir. Moskva şərqə doğru genişlənən NATO-nu qorxutmaq üçün Ukrayna ilə bağlı yenidən gücləndirilmiş nüvə şantaji ritorikasına keçir.
Ancaq Rusiyanın Ukraynada nüvə silahı tətbiq etməsi riski aşağı olaraq qalır, hətta Rusiyanın Belarusa taktiki nüvə silahları yerləşdirməsi belə, Ukraynadakı reallıqlara həlledici təsir göstərməkdən uzaqdır.
“Nüvə müharibəsi olmaq ehtimalı yoxdur” demirik, amma cari situasiya tempi belə saxlasa, onda atom bombası eskalasiyası olmayacaq.
Hər halda, nüvə riski olsa da, olmasa da, Finlandiyanın Ukraynadakı müharibədən qorxmayaraq xarici və təhlükəsizlik siyasətində köklü dəyişiklik etməsi Rusiya üçün planlaşdırılmamış bir uğursuzluqdur.
Rusiya bunun cavabını Finlandiyaya verməkdən qaça bilər, çünki artıq Finlandiya ilə hədə-qorxu dili ilə danışmaq və bunu hərbi güc nümayişi ilə reallaşdırmaq dövrü geridə qaldı.
Artıq Finlandiyaya müdaxilə NATO-ya müdaxilədir və Alyans 5-ci maddə ilə Rusiyaya sərt cavab verə bilər.
Rusiya “Finlandiya itkisinin” əvəzini Ukrayna cəbhəsində çıxmağa çalışacaq, indi sual olunur: Görəsən, Ukrayna meydanında döyüşlərin xarakteri necə dəyişəcək?
Hər halda, Ukrayna üçün düyünlər daha çoxdur, Kiyev Qərbdəki tərəfdaşlarına ağız açaraq onlardan silah istəyir, silah tədarükünün yubanması isə onun üçün ağlasığmaz məğlubiyyətlərin açarı kimi qavranılır.
Rusiya bu vəziyyətdən istifadə edərək hərb meydanında genişləndirə biləcəyi imkanlara baş vurur, ancaq Ukrayna qoşunlarının davam edən müqaviməti Moskvaya da xeyli çətinliklər deməkdir.
Rusiyanın Ukraynadakı təhlükəli xətti hansı məcraya yönəldəcəyi barədə NATO-nun qiymətli kəşfiyyata və dərin anlayışa ehtiyacı var.
Beynəlxalq nizamın gərilməsi fonunda isə Ukraynanın tək qala bilmək ehtimalları da çoxalır, ən azından, silah çatışmazlığında rastlaşdığı hal bunu deməyə əsas verir.
İndi döyüşlərin həlledici mərhələsi Baxmutda gedir, Rusiya günbəgün Baxmutu tutmaq səylərini genişləndirir.
Ukrayna isə əks-hücum üçün lazım olan silah-sursat gözləyir, yəqin ki, ordunu komplektləşdirsə, cənub cinahından həmləyə keçəcək.
Rusiya isə işğalda saxladığı ərazilərə nəzarəti gücləndirməyi daxili təhlükəsizlik və qanunun aliliyi məsələsi kimi qiymətləndirməyə davam edəcək.
Hadisələrin gedişatı Qərblə Rusiyanın Gürcüstan üzərindəki toqquşan maraqlarını da alovlandırır.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşdə deyib ki, Qərb ölkələri Tbilisini Ukrayna hadisələri ilə bağlı Rusiyaya qarşı ikinci cəbhənin açılmasının zəruriliyinə inandırmağa çalışırlar.
Onun sözlərinə görə, Qərb Gürcüstanı inandırır ki, Abxaziya və Cənubi Osetiya üzərində nəzarəti bərpa etmək üçün əlverişli məqamdır.
Artıq Rusiyadan çıxan səslər perspektiv üçün Gürcüstana qarşı şokların hazırlanmasının göstəricisidir.
Rusiya Gürcüstan üzərinə Belarusla getmək niyyətindədir, hərçənd ki, Minsk Moskvanın təzyiqlərinə hələ ki tab gətirə bilir.
Qərbin Gürcüstanı hərbi təhdidlər qarşısında qoruya biləcək imkanları isə zəifdir, çünki Gürcüstan məsələsi Ukraynadan fərqlənir.
Gürcüstanla bağlı aydınlaşmalar Finlandiyanın NATO-ya üzvlüyü fonunda davam edən Rusiya-Ukrayna müharibəsinin nəticələri ilə düz mütənasiblik təşkil edəcək.
Aqşin Kərimov