• Şb. Noy 30th, 2024

Naxçıvan MR Vəkillər Kollegiyasında seçki-hesabat konfransı keçirilib – FOTO

ByYenigun.news

İyl 12, 2023


İyulun 10-da Azərbaycan Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib.

Nümayəndə heyəti Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsini ziyarət edib əziz xatirəsinə ehtiramla yad ediblər.

Sonra Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının seçki-hesabat konfransı keçirilib.

Konfransın gündəliyi qəbul olunduqdan sonra Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri, Anar Bağırov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının fəaliyyəti, uğurları, problemlərinin həlli məsələsi diqqət mərkəzindədir. Naxçıvanda bu sahədə bir dönüş yaratmaq, islahatlar aparmaq qarşımızda duran ən vacib vəzifələrdəndir. Qısa zaman ərzində bu məsələlərlə bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən müvafiq qərarlar qəbul edilib, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının maddi vəziyyətinin yaxşılaşdırılması üzrə müvafiq tədbirlər görülüb. Nəticədə bu gün Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası öz üzərinə düşən vəzifələri yerinə yetirir.

Diqqətə çatdırılıb ki, Naxçıvan vəkilliyi uğurla Azərbaycan vəkilliyinə tam inteqrasiya olunur ki, bu da çox önəmlidir. Prinsipial olaraq qərar qəbul edildi ki, naxçıvanlı vəkillərimiz, ümumilikdə, respublika üzrə fəaliyyət göstərsinlər. Naxçıvanda vəkillərin sayı çox azdır. Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyasının hesabatına əsasən bu gün Azərbaycanda 4500 nəfərə bir vəkil düşürsə, Naxçıvanda təxminən 20 min nəfərə bir vəkil düşür. Bu problemi aradan qaldırmaq məqsədilə tərəfimizdən Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası ilə birgə vəkilliyə qəbulla bağlı elan verildi, qərar qəbul olundu. Vətəndaşların keyfiyyətli hüquqi yardıma çatımlılığı tam təmin olunmalıdır.

Sonra Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri vəzifələrini müvəqqəti icra edən Vüsal Həsənov hesabat məruzəsi ilə çıxış edib. Çıxışda qeyd olunub ki, 2023-cü ilin 6 ay ərzində kollegiya üzvləri tərəfindən 492 mülki və 466 cinayət işləri ilə bağlı müqavilə bağlanıb. Dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərilməsi üçün Naxçıvan Muxtar Respublikasında ibtidai istintaq orqanlarında vəkillərin iştirakı üçün 263 order, məhkəmə orqanlarında isə 202 order verilib. 2023-cü ilin iyun ay ərzində dövlət büdcəsindən vəkillərə 35660 manat qonorar ödənilib.Hesabat dövründə cinayət işləri üzrə ümumilikdə müqavilə əsasında 26 işə çıxılmış, 6 ay ərzində 18 müqavilə üzrə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib.

Daha sonra təkliflər əsasında Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri üzrə namizəd səsə qoyulub. Vüsal Həsənov Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilib. Vüsal Həsənov göstərilən etimata görə minnətdarlıq edib, Naxçıvanda vəkillik sahəsində irəliləyişlərin əldə olunması üçün səylə çalışacağını diqqətə çatdırıb. Daha sonra Rəyasət Heyətinin üzvləri, kollegiyanın intizam komissiyasının sədri və üzvləri təkliflər əsasında seçilib, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının büdcəsinin, üzvlük haqqının və digər məsələlərin müzakirəsi aparılıb.

Konfransdan sonra Şərur Rayon Vəkil Bürosunun açılış mərasimi keçirilmiş və bununla da son 15 ildə ilk dəfə Naxçıvan Muxtar Respublikasında Vəkil Bürosu açılmışdır. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov mərasimdə iştirak edib, rəmzi lenti kəsib. Məlumat verilib ki, büro ümumi sahəsi 143 kvadratmet olan, 4 otaqdan ibarət binada yerləşir. Binada vəkil bürosunun müdiri, vəkil otaqları və gözləmə zalı yerləşir. Burada əlverişli iş şəraiti üçün lazımi inventarlar quraşdırılıb.

Səfər çərçivəsində A.Bağırovun iştirakı ilə Naxçıvanda pulsuz hüquqi yardım aksiyası keçirilmişdir. Aksiya çərçivəsində ödənişsiz hüquqi yardım göstərilmiş, onları maraqlandıran suallar cavablandırılmış, mülki,inzibati və sosial təminat qanunvericiliyinin müddəaları izah edilmiş, yazılı və şifahi məsləhətlər verilmiş, yazılı ərizələr tərtib olunmuşdur. Qeyd etmək istərdik ki, hüquqi yardım aksiyası hər ayın 10-u keçirilir.

Səfərin ikinci günündə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov, sədr müavini Şahmar Məmmədov, aparat rəhbəri Bayram Orucov Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüblər. Görüşdə vəkilliyin inkişafı, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.

Sonra AR VK-nın sədri Anar Bağırov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi ilə görüşmüşdür. A.Bağırov Səadət xanımı Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi münasibətilə təbrik etmiş, ona fəaliyyətində uğurlar arzulamışdır. Görüş çərçivəsində Ali Məhkəmə ilə Vəkillər Kollegiyası arasında qurulmuş səmərəli əməkdaşlıq münasibətlərindən, habelə məhkəmə-hüquq sisteminin inkişafı yolları, vəkillərin rastlaşdığı problemlər barəsində geniş fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir