“31 il bundan əvvəl Xocalıda törədilmiş qanlı qətliam uzun müddət ərzində Azərbaycan xalqına qarşı aparılan irqi ayrıseçkilik, etnik təmizləmə siyasətinin tərkib hissəsi olub”.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasənda xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Onun sözlərinə görə, Xocalı qətliamı baş verməmişdən əvvəl digər yaşayış məntəqələrimiz dağıdılıb:
“İnsanlar öldürülüb, etnik təmizləmə həyata keçirilib. 1991-ci ilin oktyabrından etibarən Xocalı demək olar mühasirədə idi. Nəhayət, fevralın 25-i gecəsi erməni silahlı qüvvələri 366-cı motoatıcı alayının dəstəyi ilə bu qətliamı törədib. Azərbaycan xalqı dəhşətli rəqəmlərdən məlumdur. Xocalının yeddi minə yaxın əhalisi var idi. Demək olar yer üzündən silinmişdi. Həmin diviziyanın tərkibi əsasən ermənilərdən ibarət idi”.
Nazir əlavə edib ki, Vətən müharibəsində də ermənilərin eyni siyasətinin şahidi olduq:
“Onlar Gəncə və Bərdədə dinc əhalini də öldürdülər, evləri dağıtdılar. Hesab edirik ki, bunun əsas səbəblərindən biri odur ki, Ermənistanın keçmiş və indiki siyasi rəhbərliyinin bu addımı atması uzun müddət ərzində cəzasız qalıblar. Azərbaycan qanunvericilik orqanları səviyyəsində və beynəlxalq müstəvidə bu məsələ barədə işlər aparır. Bizim ölkə bundan sonra da lazımi tədbirlər görəcək. Əminəm ki, o gün də uzaqda deyil”.
İlhamə Əbülfət