Aprel ayında baş nazir Nikol Paşinyanın Ermənistanda başlatdığı etirazların altı ili tamam olur. 2018-ci il aprelin 12-də “Serji rədd et” və ya Nikol tərəfindən “məxməri inqilab” adlandırılan hərəkat aprelin 23-də o zamankı baş nazir Serj Sarkisyanın postunu tərk etməsinə gətirib çıxardı. Mayın 1-də hökumət başçısı postuna yiyələnən N.Paşinyan o vaxtdan ölkənin lideridir. Ermənistanda Qarabağ klanına nifrətin pik həddi uğursuzluqlarına rəğmən onun hakimiyyətdə qalmasına imkan verir. Azərbaycan Ordusunun Qarabağı işğaldan azad etməsi, 30 ildən çoxdur bu bölgədə yuva quran erməni separatçı-terrorçu rejiminə son qoyulması belə Ermənistan vətəndaşlarının Nikola inamını azaltmayıb. İkinci Qarabağ müharibəsində biabırçı məğlubiyyət, minlərlə erməni əsgərinin məhvi, imzaladığı kapitulyasiya aktı belə onun devrilməsinə gətirib çıxarmayıb. Əksinə, müharibədən sonra növbədənkənar seçkilərdə qalib gəlib.
Bununla yanaşı, N.Paşinyan hakimiyyətinə münasibətdə getdikcə fərqli fikirləşənlərin sayı artır. Ən maraqlı olan odur ki, Qarabağı artıq yada salan yoxdur. Əvəzində Rusiya ilə gərginlik fonunda Ermənistanın Ukraynaya çevrilə biləcəyindən ehtiyatlananların sayı artır.
Müstəqil və müxalifət mediası N.Paşinyanın altı illik idarəçiliyinə fərqli mövqedən yanaşır. Daha çox onu məsuliyyətsiz bəyanatlar səsləndirməkdə, verdiyi sözlərə əməl etməməkdə ittiham edirlər – bütün bunlar baş nazirin idarəçiliyini xarakterizə edən əsas cəhətlər kimi vurğulanır. Son günlərin ən aktual məsələsi – Rusiya ilə yaşanan gərginlik fonunda Ermənistanın Avropa ailəsinin bir üzvünə çevriləcəyi az qala illüziya kimi qəbul edilir.
Əksər müstəqil və müxalifət mediası iddia edir ki, Nikolun altı illik idarəçiliyi yalan vədlər üzərində qurulub. Əsas arqumentlər də ondan ibarətdir ki, 2018-ci il “məxməri inqilabın”dan sonra ölkənin problemləri azalmaq əvəzinə, daha da artıb. Vəd olunan proqramların heç biri yerinə yetirilməyib – işsizlik, miqrasiya sürətlə artır. N.Paşinyanın vəd etdiyi “iqtisadi möcüzə” planı da reallaşmayıb.
Əvvəla, Nikol Paşinyan vəd edir ki, Ermənistan Avropa İttifaqının üzvü olacaq. Lakin bir qədər fərqli düşünən kəsim hesab edir ki, bu, çox təhlükəli yalandır. Əsas iddia da ondan ibarətdir ki, Qərbin özünün belə İrəvanın Avropa İttifaqına qoşulması ilə bağlı planı yoxdur. Brüsselin Ermənistanı sadəcə Ukraynasayağı özünə inteqrasiya edəcəyi vurğulanır. Bu vədin nəticələri isə göz önündədir. Kiyevə vəd edilən üzvlük reallaşmayıb.
Ölkə ərazilərinin xeyli hissəsini itirib. Milyonlarla insan ev-eşiyini tərk edərək Avropaya sığınıb. Müharibənin də tezliklə başa çatacağı gözlənilmir. Analoji ssenari Ermənistan üçün də keçərlidir. Ölkənin sürətlə Rusiyadan uzaqlaşması, Kreml əleyhinə bəyanatları gücləndirməsinin cavabsız qalmayacağı şəksizdir. Hətta gözləmək olar ki, vəziyyət Ukraynadan da ağır ola bilər. Ermənistanda yerləşən Rusiya hərbi bazası hər an partlaya bilən mina rolunu oynayır. Digər təhlükəli ssenari Metsamor Atom Elektrik Stansiya ilə bağlıdır. Onsuz da qəzalı vəziyyətdə olan stansiyada hər an nəsə baş verə bilər. Ermənistan hələ də anlamaq istəmir ki, Qərbin şirnlikləndirici vədləri ona baha başa gələ bilər.
Erməni mediası bir məsələni də xüsusi qabardır. Qeyd olunur ki, Ermənistanın yeganə vəzifəsi Rusiya və İranla mübarizəsində “vasitə” rolunu oynamaqdır. Qərb də bunu gizlətmir. Nikol Paşinyan da buna razılıq verib. İrəvanın tezliklə Avropa İttifaqı ailəsinin üzvü olacağı, sadəcə sadəlövhlər üçün nəzərdə tutulub.
Erməni mediasında yer alan ikinci məsələ isə Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatı ilə bağlıdır. Hakimiyyət iddia edir ki, Ermənistan Rusiyanın himayəsi ilə qurulan hərbi təşkilatı tərk edərsə, Qərb və NATO Ermənistanın təhlükəsizliyinə təmin edəcək. Erməni mediası bunu da yalan adlandırır. Əsas faktor kimi də NATO-nun Baş katibi Yens Stoltenberqin Bakı və İrəvana səfəri göstərilir. Bildirilir ki, bu səfər bir çox mətləblərə aydınlıq gətirdi. Onlar sadəcə Ermənistanın təhlükəsizliyini təmin etməyəcəklər.
Üçüncü məsələ yenə də KTMT ilə bağlıdır. Məhz N.Paşinyan hakimiyyəti ilk gündən qurumu tərk etməyə qərar verib. 2022-ci il oktyabrın 6-dan baş nazir rəsmən KTMT-dən çıxmaq, Rusiya qoşunlarının Qarabağ və Ermənistandan çıxmasını, Rusiyanın Türkiyə ilə əvəzlənməsi siyasətini yürüdür. Ermənistan müxalifətində belə bir fikir hökm kəsilib ki, hakimiyyət Qərbə doğru istiqamət götürməyib, əksinə, ölkəni Türkiyənin nəzarəti altına salmağa çalışır.
Dördüncüsü, Azərbaycanla Ermənistana arşında sərhədlərin delimitiasiya və demarkasiyasına gəldikdə, Nikol Paşinyan hakimiyyətinin bu məsələdə də yalan danışdığı vurğulanır. “Axı sərhədlərin təhlükəsizliyinin təminatçısı kim olacaq? Fransa prezidenti Emmanuel Makron, yaxud Avropa ittifaqı Şurasının prezidenti Şarl Mişelmi? Bu iki şəxs Praqa görüşündən sonra necə keçmiş separatçı DQR rejiminə qarant olmuşdular, Ermənistan üçün də elə olacaqlar”, – erməni mediası yazır.
Maraqlıdır ki, müxalif olan erməni mediasında da türkofobiya azalmayıb. Hər vəchlə iddia edirlər ki, Paşinyan Ermənistanı Türkiyənin ağuşuna sürükləyir. Ölkənin avrointeqrasiyasını isə yalan adlandırır. Əksinə, vurğulanır ki, erməni vətəndaşların Avropa İttifaqına ölkələrinə viza alması çətinləşib və korrupsiya mənbəyinə çevrilib. Avropa dəyərlərini geosiyasi vektorla qarışdırmaq gərək deyil. Ukrayna nümunəsi göz önündədir.
Beləliklə, Ermənistan cəmiyyəti bir müddət sonra “məxməri inqilab”ın növbəti ildönümünü təmtəraqla qeyd edəcək. Bəs görəsən, baş nazir hesabat çıxışında hansı nailiyyətləri qeyd edəcək? Yaxın gələcəkdə ermənilərin Avropa ailəsinin bir üzvünə çevriləcəyini iddia etməyə isə çox güman ki, cürət etməyəcək.
“Report” İnformasiya Agentliyi