Möhtəşəm “Nine Senses Fest” beynəlxalq mənəvi və fiziki təcrübələr festivalı başa çatıb.
Oxu.Az xəbər verir ki, Azərbaycanda ilk dəfə keçirilən “Nine Senses” festivalı yaddaşlarda silinməz iz qoyub.
“Nine Senses” beynəlxalq mənəvi və fiziki təcrübələr festivalı Heydər Əliyev Fondunun vitse-prezidenti, “Nine Senses” incəsənət mərkəzinin təsisçisi Leyla Əliyevanın dəstəyi ilə təşkil olunub.
Üç gün davam edən festivalda yoqanın müxtəlif sahələri: kriya, kundalini, hatha, nidra, bədii yoqa, meditasiya təcrübələri, bədənyönümlü təcrübələr, rəqs məşqləri, saund-hilinq, stretçinq və gimnastika, tsiqun, terapevtik ustad dərsləri, art-terapiya, terapevtik qrup məşqləri və qrup sağlamlıq və həyat kouçluğu təlimləri keçirilib.
Tədbirdə dörd “hedlayner” ilə yanaşı, Azərbaycanın, həmçinin dünyanın ən peşəkar mütəxəssislərinin ustad dərsləri də keçirilib.
Festival iştirakçıları təlimlərdə iştirak edərək faydalı məlumatlar əldə ediblər.
Möhtəşəm tədbirə xaricdən gələn xeyli turist də qatılıb. Tədbir iştirakçıları ilk dəfə keçirilən “Nine Senses” beynəlxalq festivalından razı qaldıqlarını dilə gətiriblər.
ANSA təhsil platforması ilə birgə keçirilən festival möhtəşəm konsert proqramı ilə yekunlaşıb.
Daha çox şəkil burada: PhotoStock.az
Nəzrin Vahid