Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim və Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkun meri Erik Adamsla görüşüb.
“Report” xəbər verir ki, görüşdə ABŞ və Azərbaycan arasında münasibətlərin son dövrlər yüksək səviyyədə olduğu qeyd edilərək bundan sonra da siyasi, iqtisadi, mədəni və digər sahələrdə qarşılıqlı əlaqələrin daha da inkişafına diqqət göstərilməsinin önəmi vurğulanıb.
Şəhər meri ABŞ-ın əhalisinə görə ən böyük şəhəri olan Nyu-Yorkda yaşayan Azərbaycan icmasının aktiv fəaliyyətindən danışıb, müxtəlif peşə sahələrində çalışan həmyerlilərimizin şəhərin müxtəlifliyinə və zənginliyinə töhfə verdiklərini deyib.
Görüşdə yaxın gələcəkdə təhsil, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə reallaşdırılacaq layihələr ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.