• Ç. Noy 27th, 2024

“Ohanyan xətti”nin “memar”ına qarşı Azərbaycan səddi: Şovinistlərə dəyəcək növbəti şillələrin anonsu

ByYenigun.news

Apr 13, 2022

Ermənistanda mövcud reallıqları, xüsusən Azərbaycanın regiondakı hakim mövqeyini düzgün qiymətləndirə bilməyən bir qrup təxribatçı zavallı ötən gün növbəti dəfə onlar üçün acı həqiqətlə üzləşməli olub.

Öz ölkələrində növbəti “Miatsum” dalğasını başlatmağa iddia edən revanşist, şovinist, əksəriyyəti əliqanlı cinayətkarlar olan bu şəxslər istənilən yolla təxribata əl atmağa cəhd göstərirlər. Müharibə, xaos, qanunsuzluq mühitini özləri üçün əlverişli “inkişaf şəraiti” hesab edən bu cür qruplar regionda sülhün bərqərar olmasına birbaşa təhdid yaradır, sülh və dinc inkişafa qarşı çıxmaqla öz terrorçu xislətlərini ortaya qoyurlar.

Söhbət Seyran Ohanyan, Robert Koçaryan və Serjik Sarqsyan kimi cinayətkarların “rəhbər”i olduqları, revanşist, şovinist fikirlərlə zəhərlənmiş Ermənistan müxalifətindən gedir.

Ötən gün ölkədə keçirilmiş son parlament seçkilərindən sonra xüsusən parlamentdə erməni müxalifətinin baş təlxəyinə çevrilən Seyran Ohanyan növbəti dəfə tribunadan pafoslu çıxışla özünü gündəmə gətirməyə çalışdı. 44 günlük müharibədə ordumuzun bölmələrinin darmadağın etdiyi “Ohanyan xətti”nin memarı müxalif “Hayastan” və “Mənim şərəfim var” fraksiyalarının parlamentin iclasını boykot etdiyini, müxalif deputatların Qarabağa və Ermənistanın sərhəd rayonlarına səfər edəcəklərini anons etdi.

Şübhəsiz ki, S.Ohanyanın bu çıxışında uzun illərdir öyrəşdiyi qanunsuzluq, sülhməramlıların fəaliyyətində müşahidə olunmuş bir sıra neqativ məqamlar öz rolunu oynayıb. Hər halda erməni müxalifəti S.Ohanyanın simasında bölgəmizdə gedən proseslərdən nə dərəcədə bixəbər olduğunu ortaya qoyub.

Odur ki, yer üzündən silinmiş “Ohanyan xətti”nin yaradıcısı Qarabağa səfər yolunda Azərbaycan səddi ilə üzləşməli olub. Belə ki, rəsmi Bakının tələbi ilə sülhməramlılar tərəfindən nəzarət-buraxılış məntəqəsində saxlanılan “Hayastan” və “Mənim şərəfim var”lı deputatlar gəldikləri yolla da birbaşa Ermənistana göndəriliblər. Ermənistan müxalifətinə elə səfər yolundaca regionda söz sahibinin, Qarabağın sahibinin kim olduğu göstərilib. Ohanyanın pafoslu çıxışı və növbəti təxribat cəhdi onunla birlikdə Ermənistandakı bütün təxribatçı, şovinist qrupların qursağında qalıb.

Azərbaycanın xarici siyasətdə atdığı uğurlu addımlar, xüsusən 44 günlük müharibənin nəticələrinin artıq bir çox müstəvidə uğurla qəbul etdirilməsi, sülhməramlıların vəzifə öhdəliklərini düzgün yetirmələri ilə bağlı Azərbaycanın qətiyyətli mövqeyi bu işdə əsas rol oynayıb.

Yekun nəticədə isə Ermənistandakı revanşist qüvvələrə ötən gün həqiqətin sərt şilləsi dəyib. Bu şillə həm də həmin qüvvələrə verilən dərslərdən nəticə çıxarmayacaqları halda sonuncu olmayacağının da anonsunu verib. Necə deyərlər, revanşistlər, təxribatçılar ağıllanana qədər həqiqətin qapazı qulaqlarının dibindən əskik olmayacaq. Ohanyan verdiyi anonsu icra edə bilməsə də, Azərbaycanın birmənalı və qəti anonsu erməni təxribatçılarının qulağına sırğa olmalıdır. Çünki Azərbaycan Ermənistandan fərqli olaraq yalnız regionda söz sahibi deyil, həm də öz sözünün ağasıdır.

Erməni təxribatçılar əgər növbəti dəfə rəzil duruma düşmək istəmirlərsə, artıq bir həqiqəti görməyi bacarmalıdırlar: Azərbaycanın beynəlxalq nüfuzu, siyasi müstəvidəki çəkisi onların bütün təxribatlarından, revanşist fikirlərindən, hətta xəyallarına gətirdiklərindən belə qüdrətlidir.

Ohanyan kimilər, illərlə beynəlxalq reaksiyanın olmaması, cəzasızlıq mühitindən istifadə edərək cinayət törətməyə, açıq təxribatlara getməyə öyrəşmiş qüvvələr bu tendensiyanın davam edəcəyini düşünsələr də, onların bu planlarının qarşısında məhz Azərbaycan dayanıb. Çox yox, təxminən ilyarım öncə regionu erməni faşizmindən təmizləyən Azərbaycan dövləti, bu gün erməni şovinizminə və revanşizminə də layiqli dərs verəcək bütün imkanlara sahibdir. Elə ötən gün erməni təxribatçıların Qarabağın girişindən qovulması da məhz bunun bariz nümunəsidir.

Bu gün Ermənistanda özünü müxalif, revanşist, millətçi adlandıran qüvvələrin yeganə məqsədi regionda sülh və təhlükəsizliyə təhdid yaratmaqdır. Ermənistan dövləti artıq, demək olar ki, bütün platformalarda Azərbaycan qarşısında acizliyini dərk etməyə başlayıb. İrəvan hərbi, siyasi, iqtisadi müstəvilərdə Azərbaycanla baş-başa gələ bilməyəcəyini anlayıb.

Lakin yuxarıda sadaladığımız destruktiv qüvvələr Azərbaycanla birbaşa üzləşmədikləri üçün erməni xalqının gözündə özünü “böyük” göstərmək cəhdlərini davam etdirirlər. Onların pafoslu çıxışlarının, iddialı fikirlərinin arxasında da məhz bu məqam yatır.

Azərbaycan isə daxili auditoriyanı ələ almaq üçün min oyundan çıxan həmin destruktiv qüvvələrə öz yerini, təxribatlarının sərhədlərini göstərir. Onların ötən gün rədd edildikləri ərazi məhz həmin təxribatların sərhədi, erməni şovinist, destruktiv qüvvələrin oyunlarına yer olmayan Azərbaycan torpaqlarıdır.

Ermənistandakı bütün qüvvələr birmənalı olaraq anlamalıdırlar ki, regionda Azərbaycanın maraqlarına zidd, sülh və təhlükəsizliyə təhdid yarada biləcək istənilən təşəbbüsün qarşısında qüdrətli Azərbaycan dayanıb. Bu həqiqətlə barışmayanlar, təxribata cəhd edənlər üçün yekunda rüsvayçılığa düçar olmaq qaçılmaz sondur…

Orxan Tağıyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir