• Be. Noy 25th, 2024

Ombudsman Ermənistan hərbçilərinin Qarabağda törətdiyi təxribata münasibət bildirib

ByYenigun.news

Mar 5, 2023

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Ermənistan tərəfinin Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda törətdiyi növbəti hərbi təxribata münasibət bildirib.

Bu barədə Oxu.Az-a Ombudsman Aparatından bildirilib.

“Bu gün səhər saatlarında Ermənistan tərəfinin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazilərinə silah və sursatların, şəxsi heyətin, o cümlədən minaların daşınmasının həyata keçirilməsinə cəhd edilmişdir. Qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılarkən qarşı tərəfdən açılan atəş nəticəsində Azərbaycan silahlı qüvvələrinin üzvləri həlak olmuş və yaralanmışlar.

Ermənistanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəlarına zidd olan, insanların yaşamaq, sağlamlığın qorunması, habelə digər fundamental hüquqlarının kobudcasına pozulmasına, regionda yeni münaqişə ocaqlarının yaranmasına, dayanıqlı sülhün təmini istiqamətində aparılan danışıqların dayandırılmasına səbəb olan bu kimi təxribatçı əməllərini kəskin şəkildə pisləyir və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmət etməyi qarşı tərəfdən tələb edirik. Hesab edirik ki, tərəflər arasında imzalanmış üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsi qeyd-şərtsiz və tam təmin edilməli, qanunsuz erməni silahlı dəstələri tezliklə ölkəmizin ərazisindən çıxarılmalı, Azərbaycan Respublikası vətəndaşlarının təhlükəsizliyi təmin edilməlidir.

İnsanların həyat və sağlamlıqlarının qorunması, sülhə təhdid yaradacaq növbəti təxribatların qarşısının alınması məqsədilə Azərbaycanın Qarabağ iqtisadi rayonu ilə Ermənistan Respublikası arasında yeganə istifadə oluna biləcək avtomobil yolunun Xankəndi-Laçın yolu olduğu nəzərə alınmaqla, digər mümkün marşrutlar üzrə hərbi və digər təyinatlı daşınmaların həyata keçirilməsinə qəti şəkildə yol verilməməlidir.

Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat, digər hərbi təchizat, o cümlədən minalar, yanacaq və canlı qüvvənin daşınması faktlarının bundan əvvəl də müəyyən olunduğunu, bununla bağlı beynəlxalq təşkilatlara dəfələrlə müvafiq bəyanatlarla müraciət etdiyimizi, lakin bütün xəbərdarlıqlara baxmayaraq təxribatların davam etdiyini, insanların həyat və sağlamlığına ciddi təhdidin mövcudluğunu nəzərə alınaraq, Azərbaycanın dövlət sərhədində Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasını tələb edirik.

Bununla yanaşı, beynəlxalq və regional təşkilatlara, xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatlarına bir daha müraciət edərək, Ermənistanın regionda törətdiyi insan hüquqları pozuntularına qarşı sərt reaksiya bildirməyə, regionda dayanıqlı sülhün və inkişafın təmin edilməsinə təhlükə yaradan bu kimi əməllərindən çəkindirilməsi istiqamətində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun qəti tədbirlər görməyə çağırırıq”, – deyə məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir