Milli Məclisin yaz və növbədənkənar sessiyaları yekunlaşdıqdan sonra deputatlar tətilə çıxdılar.
Parlamentin iyulun 15-dən başlayan yay tətili avqustun 31-nə qədər davam edəcək.
Bəs maraqlıdır, deputatlar ölkədə, yoxsa xaricdə istirahət etməyi üstün tuturlar?
Modern.az bu sualla bir neçə deputata müraciət edib.
Deputat Aqil Abbas istirahət zamanını Bakıda – evində dəyərləndirdiyini söyləyib:
“Yaradıcılıqla məşğulam. Milli Məclislə əlaqədar işləri yekunlaşdırmışıq. Məqalələrim var, onları hazırlayıram. Mənim istirahətim elə budur”.
Deputat Fazil Mustafa da istirahətini Bakıda keçirəcək:
“Mən hələ paytaxtdayam. İşlərimi yekunlaşdırandan sonra 2-3 günlük hansısa rayona gedərəm. Amma ölkədə olacağam”.
Gənc deputat Cəbi Quliyev də məzuniyyəti iş başında qeyd edir:
“Mən çox zaman məzuniyyəti də iş başında dəyərləndirirəm. Bilirsiniz ki, Milli Məclisdə təmsilçiliklə bərabər Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin idarə heyətinin üzvüyəm. Ona görə hazırda gənclərin yay düşərgələri, onların yay istirahətinin səmərəli təşkili ilə bağlı müxtəlif layihələr üzərində işləyirik. Ona görə hər şeydən uzaqlaşıb, tətilə çıxmağa fürsətim olmayıb. Milli Məclis tətilə çıxdığı gündən Naxçıvandayam. Buradakı fəaliyyətləri başa çatdırdıqdan sonra təxminən 10 günlük bir istirahət götürməyi, ailəmlə birlikdə ölkə daxilində tətil etməyi planlaşdırıram”.
Deputat Vüqar İsgəndərov isə İstanbulda işgüzar səfərdədir. Deputat avqust ayının sonuncu on günlüyündə tətil edəcək:
“Parlament artıq məzuniyyətə çıxıb. Deputat seçildiyim gündən indiyə qədər öz istirahətimi Azərbaycanda keçirmişəm. Hər il avqustun sonuna qədər Bakıda iş başında oluram. Bu il də işlərimi həll edəcəyəm və avqustun ikinci ongünlüyündən sonra doğulduğum və təmsil etdiyim Şəki şəhərində, ailəmlə birlikdə istirahət edəcəyəm”.
Deputat Kamilə Əliyeva da parlamentdə təmsil etdiyi doğma bölgəsinə yollanır:
“Bu il də istirahətimiz hər il olduğu kimidir. Adətən mən istirahətimi ölkədə keçirirəm. Heç vaxt xarici ölkələrə dincəlməyə getmirəm. Bu il də həmişə olduğu kimi Azərbaycanın dilbər guşələrində olacağam. Xüsusilə, təmsil etdiyim Zaqatala-Balakən rayonlarında seçicilərimin yanında olmağı üstün tuturam.
Hər iki rayon turizm cəhətdən əlverişli olduğuna görə, həm istirahətim, həm də seçicilərimlə görüşlərim üçün imkanım olacaq. Bundan əlavə, hər il gəzmədiyimiz, Azərbaycanın hansısa rayonunda kəndində olmamışıqsa, onları da gəzə biləcəyik. İstənilən halda ölkədəyəm”.
Deputat Cavid Osmanov da istirahət üçün xaricə getməyən parlamentarilərdəndir:
“Bizim yay tətilimiz iyulun 15-i başlayır. Bu müddəti ölkə daxilində keçirəcəyəm. Ağdaş rayonunda olmağı üstün tuturam. İstirahətdən çox işgüzar fəaliyyətlə məşğul olacağam. Seçicilərimizlə, xüsusilə şəhid ailələri və qazilərlə görüşlər planlaşdırıram”.
Qeyd edək ki, ötən ay Milli Məclis sədrinin aylıq məvacibi 2475 manatdan 3550 manata, birinci müavinin maaşı 2227 manatdan 3195 manata, müavinin maaşı 2103 maaşdan 3017 manata, komitə və komissiya sədrlərinin maaşı 1980 manatdan 2840 manata, onların müavinlərinin maaşı 1856 manatdan 2662 manata, deputatların aylıq məvacibləri isə 1732 manatdan 2485 manata çatdırılıb.