Özbəkistanda bələdiyyə modelini xatırladan məhəllələr fəaliyyət göstərir. Ağsaqqallar tərəfindən idarə olunan belə məhəllələr ölkənin hər bir bölgəsində var. Bu məhəllələrdə xalqların adət-ənənəsinə hörmətlə yanaşılır, insanlar bir-birinə qaynayıb qarışır, böyükdən-kiçiyə hamı bir-birinə hörmət edir.
Azərbaycanlılar yaşayan məhəlləni də paytaxt Daşkənddə hamı tanıyır. Həmvətənlərimiz Mirabad rayonunun Temiryolçilar (dəmiryoluna yaxın yerləşir) məhəlləsində yaşayırlar.
“Kaspi” qəzeti Özbəkistanda yaşayan azərbaycanlılarla bağlı məqalə dərc edib.
Özbəkistanda səfərdə olarkən azərbaycanlılar yaşayan bu məhəlləyə baş çəkdik. Məhəllə rəisi Mehriban Rəhimova və digər fəal soydaşlarımızla görüş onların həyat və şəraiti ilə yaxından tanışlığa imkan yaratdı.
Mehriban xanım özünü “Özbəkistanın azərbaycanlı övladı” adlandırır. Təsirli həyat hekayəsi var. Əsli-kökü Zəngəzurdan olsa da Şəki şəhərində doğulub. Qayınanasıgil 1905-ci ildə ermənilər tərəfindən deportasiya edilib. Əvvəlcə Türkiyəyə, sonra Özbəkistana köç ediblər: “Qayınanamgil (xalam) 4 bacı, bir qardaş olublar. Onlar Zəngəzurdan çətin yollarla gələrkən 3 yaşlı bacıları donaraq tələf olub. Nənəm öz əmisinin oğluna ərə gedib və Şəkidə qalıb. Xalam isə bir bacısı, qardaşları və əmiləri ilə Daşkəndə köç edərək orada məskunlaşıblar. Sonra bir çox qohum-əqrəbanı çəkib gətiriblər və sayları çoxalıb. Dəmiryoluna yaxın ərazidə məskunlaşdıqları üçün buralarda dəmiryolunda fəhlə, ocaqçı işləyiblər. Bu ərazilər boşluq olub. Tədricən hamıya torpaq sahəsi verilib, özlərinə ev-eşik qurublar. Sonrakı illərdə də oxumağa, işləməyə gələnlər olub. Evlənib, burada qalıblar. Nəticədə azərbaycanlıların sayı çoxalıb və yerli millətə qaynayıb-qarışıblar. Mən də 19 yaşından bu ölkəyə gəlmişəm. Artıq 41 ildir ki bu gözəl və mehriban ölkədə yaşayıram. Burada ailə qurmuşam. Üç övladım var”. M.Səfərova gəncliyindən bəri bir çox sahələrdə çalışıb. İşinə məsuliyyəti, idarəetmə bacarığı, xeyirxahlığı onun yaşadığı məhəllənin sədri (rəisi) vəzifəsinə yüksəlməsinə səbəb olub: “Mənə xalqım hörmət edib, bu məhəllədə sədr seçib və 16 ildir məhəllə komitəsinin sədriyəm”. M.Rəhimovanın təmsil etdiyi məhəllədə 3500-dən çox əhali yaşayır. Onların 70 faizi – 2400-ü azərbaycanlıdır: “Məhəlləmizdə müxtəlif xalqların nümayəndələri yaşayır. Biz bir ailə kimi dolanırıq. Sevincimiz də, kədərimiz də birdir. Bir-birimizin xeyir-şərində yaxından iştirak edirik. Tarixi günlərimizi, milli bayramlarımızı birlikdə qeyd edirik. Bu, birgəyaşayışın ən gözəl modelidir”.
Məhəllə sədri deyir ki, özlərini Özbəkistanda doğma Vətəndəki kimi hiss edirlər: “Bu ölkədə bütün millətlərə diqqət və qayğı var, millətlərarası dostluq dövlət siyasətinə çevrilib. Bu ölkədə xoşbəxtik. Amma Vətən deyəndə içimizdə nəsə sızıldayır…”
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri zamanı, Daşkənddə Heydər Əliyev meydanının açılışında Mehriban Səfərova da prezidentlər qarşısında çıxış edib. “Sən bizim baş tacımızsan” deyə dövlətimizin başçısına ürək sözlərini söyləyib. Həmçinin, sədri olduğu məhəllənin rəhbəri olaraq Özbəkistandakı həyat şəraitlərinə görə ölkə Prezidenti Şavkat Mirziyoyevə təşəkkür edib. “Mən anayam. Analar həm öz övladlarının, həm də bütün dünyanın xalqlarının dincliyini, xoşbəxtliyini daim Allahdan arzu edirlər. Canım Özbəkistandır, ana canım Azərbaycandır, hər ikisini eyni dərəcədə sevirəm” deyib.
Məhəllə sədri fəaliyyətinə görə Özbəkistan Prezidenti tərəfindən “Xalqlar dostluğu” medalı ilə təltif edilib. 60-dan çox fəxri diplom, təşəkkürnamə alıb. Bu yaxınlarda isə “Ən yaxşı məhəllə rəisi” müsabiqəsinə qatılıb və avtomobillə mükafatlandırılıb. Bütün bunları gərgin əməyinin bəhrəsi və xalqlar arasındakı münasibətlərə töhfəsi hesab edir.
M.Rəhimova Daşkənddə fəaliyyət göstərən Azərbaycan diasporunun fəaliyyətindən razılıq edir: “Diasporumuz fəaldır. Sədr Mobil Məmmədov əslən Göygöl rayonundandır. O, bütün azərbaycanlıları ətrafına yığır, vətəni unutmağa qoymur”. M.Rəhimova hesab edir ki, Özbəkistanda yaşayan azərbaycanlı gənclərin də Vətənlə əlaqəsi möhkəm qurulmalıdır: “Gənclərimizdə Azərbaycan ruhu var. Onlar da Vətəni görmək istəyirlər. Gənclərimizlə Vətən arasında bağlar olmalıdır. Yoxsa sonra dili də, milləti də yaddan çıxaracaqlar. Bunları unutmamaq üçün gənclərin əlaqəsini möhkəmləndirmək, gediş-gəlişlərinə dəstək göstərmək lazımdır. Nə qədər çox gedib-gəlsələr, o qədər Azərbaycanı tanıyacaq və sevəcəklər”.
Məhəllə sədri Azərbaycana ara-sıra səfər etdiyini, doğma yurd-yuvasına baş çəkdiyini deyir. Amma həm özü, həm də Özbəkistanda yaşayan azərbaycanlılar işğaldan azad edilmiş torpaqlarımızı görmək arzusundadırlar: “Özümüz gedib-gəlirik. Amma dövlət tərəfindən də diqqət olsa, yaxşı olar. Bilərdik ki, orda da bir vətənimiz var. Yaxınlarda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistana səfər etmişdi. Onunla bərabər bir sıra rayonun nümayəndələri də gəlmişdi. “Sizi Şuşaya çağıracağıq” deyə Şuşanın nümayəndəsi bildirdi. Çox istərdim ki, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi Özbəkistanda yaşayan azərbaycanlıların da hissə-hissə işğaldan azad olunmuş torpaqlarımızı, müqəddəs Şuşa şəhərini görməsinə şərait yaratsın. Bu, onların Vətən yanğısına su çiləyər”.
M.Rəhimova Azərbaycandan Özbəkistana səfər edən hər bir həmvətənimizin gəlişini bayram hesab edir: “Hər Vətəndən gələni görəndə sanki Azərbaycana toxunuram. Orada nə baş verirsə diqqətlə izləyirik. Özümüzü Azərbaycandan ayrı təsəvvür etmirik. Tez-tez gedib-gəlmək mümkün olmasa da, ürəyimiz oradadır. Şuşada, Zəngilanda, Qubadlıda, Laçında, Füzulidə, Ağdamda, Cəbrayılda… Vətənə salam deyin…”