Özbəkistanda bir sıra azərbaycanlı elm və mədəniyyət xadimləri mükafatlandırılıblar. Belə ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev müvafiq fərman imzalayıb.
Mükafatlandırılanlar sırasında Azərbaycanın xalq artisti, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının vokalisti Gülyanaq Məmmədova da var.
“Özbəkistan Respublikasının Xalq artisti” adına layiq görülən Gülyanaq Məmmədova təəssüratlarını Oxu.Az-la bölüşüb.
Sevilən ifaçımız təltif olunanlar siyahısında olmasından qürur duyduğunu bildirib:
“Uşaq yaşlarımızdan özbək musiqilərini çox sevirdik. Nə təsadüf ki, son dönəmlərdə Özbəkistana çoxsaylı səfərlərim olub. Daşkənd şəhərinə, eləcə də digər şəhərlərə çoxsaylı səfərlər etmişəm. Sentyabrın 13-də yenidən səfərimiz olmalıdır və bu ərəfədə belə gözəl xəbər almaq məni çox sevindirdi. Özbəkistanla Azərbaycanın mədəniyyəti, incəsənəti bir-birinə çox bənzəyir.
Hətta sizə deyim ki, iki ölkə vətəndaşları bir-birinə hər zaman mənəvi dəstək olublar. Pandemiyanın yeni başlayan vaxtlarında hər kəs dəstək məqsədilə Özbəkistanın məşhur bir mahnısını oxuyaraq paylaşırdı. Mən o mahnıya klip çəkdirərək, dostluq, qardaşlıq nümunəsi kimi hazırladım. Bu, mənim Özbəkistana olan sevgimdən irəli gəlir.
Sonuncu dəfə yeddi konsert verib səfərdən qayıtmışıq. Tariximiz, ədəbiyyatımız, mədəniyyətimiz bir-birinə o qədər yaxındır ki, iki ölkənin vətəndaşları bir-birinə bağlıdır. Özbəkistan prezidentinə bu təltif münasibəti ilə dərin təşəkkürümü bildirirəm. Eyni zamanda mən Azərbaycanın da “Xalq artisti” adını daşıyıram. Buna görə həm öz Prezidentimizə, həm də Özbəkistan prezidentinə sənətimə verdikləri dəyərə görə çox təşəkkür edirəm. Bu, çox böyük qürurdur”.
Könül Cəfərli