• Şb. Noy 23rd, 2024

PA rəsmisi: “Ermənistan kütləvi məzarlıqların yeri barədə məlumatları təqdim etmir”

ByYenigun.news

Avq 30, 2022

“Azərbaycan ərazilərinin azad olunması itkin düşmüş şəxslərin axtarışı üçün yeni imkanlar yaradıb. Edilli və Fərruxda kütləvi məzarlıqlar aşkarlanıb. İkincisi, münaqişə bitib və Azərbaycan Ermənistanla itkin düşmüş şəxslərlə bağlı da danışıqlar aparır. Brüsseldə danışıqların gündəliyinə itkin düşmüş şəxslərlə bağlı məsələ də daxil edilib”.

“Report”un xəbərinə görə, bunu bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq İtkinlər Gününə həsr edilmiş “İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfransda Prezident Administrasiyasının sektor müdiri Həbib Mikayıl deyib.

Onun sözlərinə görə, Ermənistan itkin şəxslərin kütləvi qətlə yetirilməsi ilə bağlı halların hərbi cinayət kimi xarakterizə oluna biləcəyindən çəkindiyi üçün kütləvi məzarlıqların yeri barədə məlumatları təqdim etmir:

“Mina problemi də bu məsələlərin araşdırılmasından çəkindirir. Gələn aydan BQXK ilə birlikdə bu sahədə addımlar atılacaq. Bu sahədə məhkəmə-tibbi ekspertizasından istifadə olunması da labüddür. BQXK-nın Azərbaycan və Ermənistanla birgə müştərək mexanizmi bu sahədə effektiv ola bilər”.

PA rəsmisi qeyd edib ki, BQXK 37 azərbaycanlı itkini qeydə alıb, ancaq bu itkinlərin sonrakı taleyi hazırda məlum deyil:

“BQXK-nı bu məsələləri araşdırmağa çağırıram. BMT-nin bu sahədə xüsusi məruzəçisi də ola bilər. Bu məruzəçi tək Azərbaycan və Ermənistan üzrə deyil, ümumən dünyada itkin düşmüş şəxslərlə bağlı məsələ ilə məşğul ola bilər”.

Həbib Mikayıl nəzərə çatdırıb ki, Azərbaycan və Ermənistanın bu sahədə səmimi əməkdaşlığı ən effektiv yol ola bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir