Azərbaycanın Pakistandakı Səfirliyi bu ölkənin nüfuzlu universitetlərindən olan İqra Universiteti ilə birgə ümummilli lider Heydər Əliyevin vəfatının ildönümünə həsr olunan “Dövlətlərarası münasibətlərin inkişafında şəxsiyyətin rolu Heydər Əliyev və Muhammad Əli Cinnah” adlı seminar keçirib.
Bu barədə Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.
Seminarda universitet rəhbərliyi və tələbələr, səfirik əməkdaşları, həmçinin Pakistan ictimaiyyəti və KİV nümayəndələri iştirak ediblər.
Ölkəmizin Pakistandakı səfiri Xəzər Fərhadov Heydər Əliyevin həyat və iş fəaliyyətindən danışıb, Azərbaycan xalqının ulu öndəri, uzaqgörən liderinin ölkənin inkişafına müstəsna töhfələr verdiyini vurğulayıb və müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında böyük rol oynadığını qeyd edərək ulu öndərin bütün həyatını ölkəsinə həsr etdiyini diqqətə çatdırıb.
Müstəqilliyin ilk illərində Azərbaycanın böyük çətinliklərlə üzləşdiyini, ölkədə iqtisadiyyatın iflic vəziyyətə düşdüyünü və daxili sabitliyin pozulduğunu, eləcə də Azərbaycan dövlətçiliyi üçün ciddi təhdidlər və risklərin olduğunu qeyd edən səfir, məhz o çətin dövrdə Azərbaycan xalqının tələbi ilə ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəldiyini vurğulayıb
Səfir ümummilli lider Heydər Əliyevin xaos və anarxiyanı, iqtisadi və siyasi çətinlikləri aradan qaldırdığını və bununla da müstəqil Azərbaycanın yeni inkişaf yoluna imza atdığını bildirərək, ulu öndərin apardığı uzaqgörən siyasət nəticəsində Azərbaycanın müstəqilliyinin əbədi və sarsılmaz olduğunu diqqətə çatdırıb. Əsrin Müqaviləsi, Bakı-Tbilisi-Ceyhan boru kəməri və digər beynəlxalq əhəmiyyətli layihələrdən bəhs edən X.Fərhadov ulu öndərin müdrik siyasəti nəticəsində ölkədə yüksək templi sosial-iqtisadi inkişafın təmin olunduğunu və beynəlxalq münasibətlərdə güclü mövqeyə malik ölkəyə çevrildiyini qeyd edib.
Səfir iki qardaş ölkə münasibətlərinə də toxunaraq Heydər Əliyevin Pakistana həmişə xüsusi diqqət yetirdiyini, Azərbaycan ilə Pakistan arasındakı əlaqələri qardaş və strateji münasibətlər adlandırdığını vurğulayıb. Ölkəmizin müasir tarixinin Heydər Əliyevsiz təsəvvür etməyin mümkün olmadığını ifadə edən X.Fərhadov, Azərbaycan xalqının hər zaman dahi rəhbərin siyasətinə sadiq olduğunu bildirib. Səfir Heydər Əliyev tərəfindən təməli qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini iştirakçıların diqqətinə çatdırıb.
Tədbirdə İqra Unversitetinin Beynəlxalq Əlaqələr Departamentinin direktoru Məhəmməd Rizvan Bari, Sosial Elmlər Departamentinin professoru Məhəmməd Şəhriyar Xan, Pakistan Ali Məhkəməsinin vəkili Şah Kavar çıxış edərək Azərbaycan-Pakistan səmimi münasibətlərindən söz açıb, hər iki liderin ölkələrinin inkişafı və rifahı naminə apardığı uğurlu siyasətdən danışıb və onların əziz xatirələrini dərin hörmətlə yad etdiklərini ifadə ediblər.
Sonda ümummilli lider Heydər Əliyevin həyatına dair videoçarx nümayiş etdirilib.