“Biz beynəlxalq təşkilatları Ermənistanın arzuolunmaz ekoloji “yaradıcılığına” son qoymağa, təbiəti və Arazı çirkləndirəcək, burada yaşayan insanların sağlamlığına mənfi təsir göstərən metallurgiya zavodunun tikintisini dayandırmağa çağırırıq”.
Bu barədə “Report”a “Vərəmlə Mübarizə Təşkilatı”nın Pəncabdan olan nümayəndəsi Zişan Əhməd bildirib.
Zişan Əhməd müxtəlif ölkələrdən, o cümlədən Nigeriya, Keniya, Pakistan, Hindistan, Yaponiyadan olan QHT fəalları və ekoloqlara qoşulanlardan biridir. Bu koalisiya Ermənistanın Araz çayında polad zavodu tikməsinin potensial təhlükəsinə diqqəti cəlb etmək üçün beynəlxalq ictimaiyyətə petisiya imzalayıb.
“Biz bu bəyanatı BMT-nin Ətraf Mühit və İnsan Haqları üzrə Beynəlxalq Şurasına göndərmişik. Bu müəssisə insanlara zərər verəcək, vətəndaş cəmiyyəti üçün qırmızı xətt olan Araz çayını çirkləndirəcək”.
Onun sözlərinə görə, bu, çoxlu sayda potensial təhlükəli kimyəvi maddələrin ətraf mühitə atılmasının, onu çirkləndirən və insanların sağlamlığına zərər vurmasının bir nümunəsidir:
“Zavoddan çıxan zəhərli tullantıların çaya atılması, onun ərazisində və ətrafında olan flora və faunanı məhv etmək ehtimalı narahatlıq doğurur. Unutmayın ki, çay əhəmiyyətli içməli su mənbəyidir və suvarma üçün də istifadə olunur. Bu cür çirklənmə infeksiya mənbəyinə çevrilərək həm Ermənistan, həm də Azərbaycan sakinlərinə zərər verə bilər”.
Pakistanlı fəalın sözlərinə görə, koalisiya üzvləri həmçinin Amerika Birləşmiş Ştatlarını, sağlamlığın və ətraf mühitin mühafizəsi üzrə əsas beynəlxalq təşkilatları bu vəziyyətə reaksiya verməyə və Ermənistanın bu cür ekoloji pozuntularına son qoymağa çağırıblar:
“Biz Ermənistanı bu cür ekoloji pozuntunun qarşısını almaq üçün tədbirlər görməyə çağırırıq”.