Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 22-də BMT Baş Assambleyasının 77-ci sessiyasında növbəti dəfə gülünc bəyanatlar səsləndirib. O, 21 dəqiqəlik çıxışında Ermənistanın regional siyasi kursunun əslində nə qədər məkrli olduğunu ortaya qoyub. Paşinyan çıxışı zamanı sentyabrın 12-də dövlət sərhədində başlayan və bir neçə gün davam edən gərginlikdə Azərbaycanı ittiham edib. O, bizim əsgərlərin mülki əhaliyə atəş açdıqlarını iddia edib.
Əlbəttə, həmin fikirlər boş iddiadan başqa bir şey deyil. Birincisi, gərginliyin səbəbi məhz Ermənistanın sentyabrın əvvəlindən etibarən təkrarlanan təxribatı idi. İkincisi, biz adekvat cavab tədbiri görəcəyimiz barədə dəfələrlə qarşı tərəfə xəbərdarlıq etmişdik. Üçüncüsü və ən vacibi, Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi cinayətlərin sayı-hesabı yoxdur.
Xocalı faciəsi bütün dünyaya məlumdur. Tarix göstərdi ki, ermənilər öz xislətlərinə sadiqdirlər. 2020-ci ildə, İkinci Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlardan çox uzaq məsafədə yerləşən Gəncə, Bərdə, Tərtər kimi şəhərlərimiz raket hücumlarına məruz qalmışdı. Onlarla mülki şəxs ölmüş və ya yaralanmışdı. İnsanlarımıza həm mənəvi, həm də maddi ziyan dəymişdi. Bu hərbi cinayətlər, demək olar, müharibə boyu, yəni 44 gün ərzində, özü də bütün dünyanın gözü qarşısında davam etmişdi. Elə isə indi Paşinyanın bu cür sərsəm açıqlama verməyə haqqı varmı? Əlbəttə, yox. Onun bizi ittiham etməsi üçün nə mənəvi, nə də hüquqi əsas var.
Paşinyan deyib ki, Azərbaycanın Ermənistanın 29,8 min kv.km-lik ərazi bütövlüyünü tanımalıdır. Biz ən yüksək səviyyədə, dəfələrlə bəyan etmişik ki, kimsənin torpağında gözümüz yoxdur. Özgə torpağına göz dikən, qonşularından ərazi oğurlamağa çalışan məhz Ermənistandır. Bunu tarix də sübut edir. İrəvan zaman-zaman nəinki rəsmi Bakıya, digər qonşularına qarşı da ərazi iddiaları irəli sürüb. Hətta Ermənistanın konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı maddə var. Bu göstərir ki, torpaq oğrusu Ermənistandır. Bu dövlətin necə və nə məqsədlə, hansı qüvvələrin dəstəyi ilə yarandığını tarixçilər, siyasətçilər yaxşı bilirlər. İkinci bir tərəfdən, maraqlıdır, Ermənistan ərazilərinin tanınmadığını deyən Paşinyan Azərbaycanın 86.6 min kv. km-lik ərazi bütövlüyünü tanıyırmı? Görünən odur ki, yox. Əgər tanısa idi, bunu çoxdan deyər, iddialarından, təxribatlarından əl çəkərdi. Təkrarlanan provokasiyalar, ara verməyən sabotajlar, Ermənistan iqtidarının sərhədlərin delimitasiya və demarkasiyasından, sülh müqaviləsindən yayınması göstərir ki, İrəvan bizim ərazi bütövlüyümüzü tanımır. Deməli, bu bəyanat məntiqsiz və əsassızdır.
Ermənistan baş naziri çıxışı zamanı dəfələrlə 10 noyabr tarixli Üçtərəfli Bəyanata istinad edib. Əslində, bizim istədiyimiz də həmin razılaşmaların tələblərinin yerinə yetirilməsidir. Lakin məsələ ondan ibarətdir ki, hökumət başçısı səsləndirdiyi fikirlərlə, sadəcə, manipulyasiya etməyə çalışır. Əgər belə olmasa idi, bəyanatın müddəaları çoxdan yerinə yetirilər, regionda sabitlik təmin olunardı. Xüsusilə nəzərə almaq lazımdır ki, bəyanatın 4-cü maddəsinə görə, erməni terrorçular Qarabağdan çıxmalı idilər. Bu prosesin rus sülhməramlılarının bölgəyə girişi ilə paralel həyata keçirilməsi nəzərdə tutulmuşdu. Amma terrorçular hələ də Qarabağdadırlar. Deməli, Ermənistan iki ildir ki, öhdəliklərinə əməl etmir, Üçtərəfli Bəyanatın tələblərini pozur. Beləliklə, həm də regionda sabitliyin formalaşmasına imkan vermir, əksinə, sabotajlara şərait yaradır. Belə olan halda Paşinyanın səmimiliyinə inanmaq olarmı? Təbii ki, yox.
Əlbəttə, münasibətlərin normallaşmasını istəyən, konstruktiv regional siyasətdə maraqlı olan lider əvvəlcə öz öhdəlikləri barədə danışmalı, sülh istiqamətində gördüyü işləri sadalamalı idi. Paşinyanın çıxışı isə başdan-ayağa ittiham üzərində qurulmuşdu. Bu, bir daha onun qeyri-səmimi olduğunu göstərir.
“Report” İnformasiya Agentliyi