“Ermənistan Respublikasının ikinci prezidenti Robert Koçaryan və üçüncü prezidenti Serj Sarkisyan, həmçinin onların orbitlərindəki siyasi partiyalar Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıblar”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bəyan edib.
Bundan əlavə o, bildirib ki, danışıqlar prosesinin bütün tarixi ərzində onlar Qarabağ barədə “heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq” prinsipini rəhbər tutmayıblar.
Paşinyan buna sübut olaraq 1998-ci ildə R.Koçaryanın ATƏT-in ovaxtkı Minsk qrupuna “vahid dövlət” əsasında danışıqlar aparmağa razılıq verməsini göstərib. Həmin sənəddə Qarabağın Azərbaycanla birlikdə beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində vahid dövlət təşkil etdiyi deyilir. Sənəddə həmçinin Qarabağ sakinlərinin Azərbaycan vətəndaşı pasportu alacaqları da vurğulanıb.
“Bundan Koçaryan, Sarkisyan və Daşnaksütyun partiyasının xəbəri var idi”, – deyə bildirən hökumət başçısı onların Qarabağın Azərbaycanın bir hissəsi olması məntiqi ilə razılaşdığını deyib.
Mənbə: Novosti Armeniya