• Şb. Noy 23rd, 2024

Paşinyanın İran səfəri, Tehranın Moskva ilə rəqabəti, Ermənistan üçün dişsiz nəticə – TƏHLİL

ByYenigun.news

Noy 2, 2022

Nikol Paşinyanın noyabrın 1-də Tehrana səfərinin nəticələrini dişsiz və Cənubi Qafqazdakı yeni reallıqlarda Ermənistana effektiv məzmun qazandıra bilməyən gediş kimi qiymətləndirmək lazımdır.

Birincisi, İranın Ermənistana dəstəklərinin bir həddi var, çünki İslam Respublikasının özünün maliyyə çətinlikləri mövcuddur və bəzi iqtisadi layihələri həyata keçirməkdə əməlli-başlı axsayır.

İkincisi, Soçi danışıqlarından dərhal sonra İrana getməklə özünü Tehran-Moskva oxuna calaq etməyi hədəflədi ki, bunun da perspektivi yoxdur.

Çünki Rusiya ilə İran hər nə qədər müttəfiq kimi görünməyə çalışsalar da, tarixi aspektlərdən gələn baxış bucağındakı fərqlilik bu iki dövləti bir-birinə gizli rəqib edir.

Ona görə də Rusiya İranın cəzalandırılması kampaniyalarında Tehranın yanında olmaqdan boyun qaçırır və onu İslam Respublikasının üzləşdiyi çətinliklər maraqlandırmır.

İranın Rusiyanın Ukraynada apardığı müharibədə birinciyə kamikadze dronlarla yardım etməsi isə sözsüz ki, situativ şəraitdə Moskvanın yararınadır və inandırıcı deyil ki, Rusiya bunun müqabilində İrana hansısa böyük vədlər təqdim etsin.

Bunları göz önünə gətirsək, deyə bilərik ki, Paşinyanın Moskva-Tehran oxundan fayda qazanmaq şansı yoxdur, hərçənd ki, İran Ermənistanın mənəvi himayədarı missiyasını öz üzərinə götürüb.

Bu missiyanın daimiliyini qoruyub-saxlamaq isə çətindir, çünki həm maliyyə sferasındakı problemlər, həm sanksiyalar, həm də İrana qarşı vüsət alan beynəlxalq kəşfiyyat təzyiqləri İrəvanı Tehranın xəttindən çıxaracaq.

İran Azərbaycanın Ermənistanla sərhədlərini möhkəmlətməsini möhkəm qısqanır və bu, onun Ermənistana olan sevgisini üzə çıxarmasına səbəb olur.

Lakin İran Ermənistanın təhlükəsizliyi üçün pul xərcləməkdə xəsislik edir, sadəcə, özünün əzələlərini şişirdərək Azərbaycana meydan oxumağa çalışır ki, bunun da adekvat cavablarını alır.

İran Prezidenti İbrahim Rəisi Paşinyanla görüşdə “Qafqaz regionu İran tarixinin bir hissəsidir” desə də, Tehranın da İrəvanı qorumaq üçün limiti tükənəcək və o zaman bu ifadənin siyasi cəhətdən nə qədər diletant olduğu görünəcək.

Rəisi böyük ehtimalla “Qafqaz mesajı”nı Rusiyaya ötürür və tarixin çax-çaxında baş verən Rus-İran müharibələrini xatırladır.

İranın Ermənistana qaz və elektrik enerjisi ixracını iki dəfə artıracağı ilə bağlı müqaviləyə gəlincə, bunun səviyyəsinin praktiki ölçüləri suallar yarada bilər.

Çünki İranla Ermənistan arasındakı iqtisadi layihələr heç də uğurla getmir və Tehranın İrəvanı qazla, elektriklə təmin etməsinin müddətinin 2030-cu ilə qədər uzadılması Ermənistanın təhlükəsizliyi üçün fövqəladə bir üstünlük qazandırmır.

Paşinyanın səfərində diqqət edə biləcəyimiz bir nüans da var, belə ki, baş nazir İranın ali rəhbəri Seyid Əli Xamenei tərəfindən qəbul edilməyib.

Səbəbləri dəqiq bilməsək də, onları təxmin etmək üçün bəzi məqamları nəzərə almalıyıq:

1. Xameneinin səhhətində problemlər var və mümkündür ki, İran tərəfi bunu Paşinyana bəhanə göstərə bilər;

2. Ola bilər ki, ümumiyyətlə Paşinyanın səfər proqramında ali rəhbərlə görüş nəzərdə tutulmayıb, lakin bu, o qədər də inandırıcı səslənmir;

3. İran Xameneinin səhhətini bəhanə kimi ortaya qoyubsa, o zaman Tehran İrəvanı özünə əlavə yük kimi görür.

Səfərdən sonra verə biləcəyimiz proqnozlara gəlincə, İran Azərbaycanın Ermənistana artan təzyiqlərinin qarşısına keçə bilməyəcək və Bakının istər Qərbdəki partnyorları, istər Türkiyə kimi strateji müttəfiqi, istər Rusiya və İsrail kimi strateji tərəfdaşlarının mövcudluğu Tehranın qəzəblərinin ən azından müvəqqəti soyumasına gətirib çıxaracaq.

İran Ermənistanın təhlükəsizliyinə zəmanət durmaq öhdəliyini inkişaf etdirə bilməyəcək və hətta mümkündür ki, Tehran qucaq açdığı İrəvandan əlini çəkib onu taleyin ümidinə buraxsın.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir