• Şb. Noy 23rd, 2024

Politoloq: “Naxçıvanda vəziyyət idarəolunmaz idi” – FOTO

ByYenigun.news

Noy 29, 2022

“Proseslər onu göstərir ki, Naxçıvanın statusu dəyişdiriləcək. Çünki Naxçıvanda Azərbaycan Konstitusiyasında nəzərdə tutulan dövlətin unitar quruluşu tamamilə gözdən çıxarılıb. Bu müddəaya əməl edilməyib”.

Bunu Bakupost.az-a açıqlamasında politoloq Qabil Hüseynli Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin ləğvinə münasibət bildirərkən deyib.

“Naxçıvanda bir sıra qurumlara Bakıdan asılı olmayan geniş səlahiyyətlər veriblər və nəticə etibarilə Naxçıvanı idarə edən az savadlı bir adam orada qəbul edilməsi çətin olan çox ağır bir vəziyyət yaradıb. Bu fonda rüşvət, korrupsiya çiçəklənib, vəzifələrə və kommersiya strukturlarına yalnız dostluq, qohumluq əlaqələrinə uyğun gələn adamlar təyin edilib. Kifayət qədər strateji bir mövqedə yerləşən bir ərazimiz demək olar ki Bakının nəzarətindən çıxmaq üzrə idi.

Görülən tədbirlər nəticəsində Azərbaycanın mərkəzi hakimiyyətinin yerlərdəki təmsilçiliyi möhkəmləndirilir, onların statusu dəyişdirilir. Səhiyyə və Nazirlər Kabinetinin digər strukturlarında da ciddi dəyişikliklər olacaq. Naxçıvanda vəziyyətin idarəolunmaz vəziyyətə gəlib çıxmasında İranın da rolu var. İran uzun müddət idi ki, orada vəziyyəti qızışdırırdı”.

Naxçıvanda Bakıya mərkəzi tabeçilik prinsipinin ciddi sürətdə pozulduğunu deyən politoloq prosesin hələ iki-üç il bundan əvvəl başlandığını vurğulayıb:

“Naxçıvanda vəziyyətin gərgin olduğunu, bu proseslərin getdiyini iki-üç ildir hamı görür, ancaq niyə bu qədər gec hərəkətə keçildiyini demək mümkün deyil. Ola bilsin müharibə, pandemiya, müharibədən sonrakı vəziyyət mərkəzi hakimiyyət orqanlarını müəyyən qədər gec qərar verməyə vadar etdi. Amma vəziyyət elə bir yerə gəlib çatdı ki, burda proseslər nəzarət altına alınmasaydı, ölkə daha ciddi problemlərlə qarşı-qarşıya qalacaqdı. Ona görə də həbslər başlayıb, idarəetmə strukturlarının forması dəyişdirilir və konstitusiyanın unitar dövlət quruluşu haqqında müddəalarına ciddi riayət edilməklə bunlar həyata keçirilir. Ehtimal ki, bu fonda Naxçıvanın Muxtar Respublika statusu da Naxçıvan Muxtar Vilayəti statusuna qədər endirilə bilər. Amma bu, sadəcə, proqnozdur. Olub-olmayacağını gələcək göstərəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir