• Be. Noy 25th, 2024

Politoloq: “Prezident İlham Əliyev qalib lider kimi adını dünya hərb tarixinə qızıl hərflərlə yazdırıb”

ByYenigun.news

Noy 5, 2022

Biz Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi sayəsində bu gün qalib ölkənin vətəndaşlarıyıq. Uzun illər davam edən işğal faktoru məhz dövlətimizin başçısının qətiyyəti nəticəsində şanlı Ordumuzun şücaəti ilə sona çatdı. Bu səbəbdəndir ki, Azərbaycan hazırda dünyanın hörmət etdiyi güc mərkəzlərindən biri halına gəlib.

Ölkədə həyata keçirilən islahatlar, uzun illər aparılan doğru siyasət və eyni zamanda, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davam etdirilməsi ilə indi biz dünyada özümüzlə fəxr edən xalqa çevrilmişik. Prezident İlham Əliyev Ali Baş Komandan kimi təkcə döyüş əməliyyatlarına rəhbərlik etmirdi, o, həm də 44 günlük Vətən müharibəsi dövründə siyasi lider kimi bütün proseslərin əsas icraçısı idi. Onun siyasi zəkası, hərbi bilikləri, geopolitik situasiyanı dəyərləndirən rasional təfəkkürü dünyanın bir çox ölkələri üçün örnək xüsusiyyətlərdəndir. O, qalib siyasi lider kimi adını dünya Zəfər tarixinə qızıl hərflərlə yazdırıb. Bizim üçün Qələbədən böyük ideya yoxdur. Vətəndaşlarımız da qürurlu xalq kimi dövlətimizin başçısının ətrafında bundan sonra da sıx birləşəcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.

Tural İsmayılov qeyd edib ki, Prezident İlham Əliyev müharibə dövründə həm də informasiya hücumlarının qarşısının alınmasında vacib işlər gördü. Onun müharibə dövründə verdiyi müsahibələri, beynəlxalq mediada tirajlanan fikirləri, tvitləri və bəyanatları diplomatik arenada mövqelərimizi daha da gücləndirdi. Zəfərin əldə edilməsində şəxsiyyət faktoru, “Güclü lider – güclü dövlət” ideyası vacib əhəmiyyətə malikdir. Bunun sayəsində Azərbaycan bir güllə atmadan Ağdam, Laçın və Kəlbəcəri işğaldan azad etdi.

“Prezident İlham Əliyevin Ali Baş Komandan kimi uğurlu taktiki gedişləri nəticəsində düşmən qüvvələri darmadağın edildi, Ermənistan beynəlxalq aləmdə ciddi təzyiqlərlə üz-üzə qaldı. Nəticədə isə Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə düşmən ölkədən fərqli olaraq, ona regionda şərtləri diktə etməyə imkan verir”,-deyə politoloq vurğulayıb.

Ekspertin fikirlərinə görə, güclü lideri olmayan ölkələr beynəlxalq münasibətlər sistemində ciddi məğlubiyyətlərə düçar olur. Zamanı, dünyanı və siyasi prosesləri idarə edən qüvvətli siyasi bacarıqlar ölkələrin həm də inkişaf stimuludur. Prezident İlham Əliyev faktoru bu gün Azərbaycanı qalib ölkə kimi qlobal məkanda vacib bir nöqtəyə çatdırıb. Dövlətimiz də böyük uğurlar qazanmağa davam edir.

Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsindəki fəaliyyəti dünya tarixində silinməz iz qoydu. Azərbaycan liderinin siyasi bilikləri və prosesləri analiz etmək qabiliyyəti dünyanın nüfuzlu beyin mərkəzlərində və hərbi təhsil müəssisələrində, araşdırılır, öyrədilir. Ali Baş Komandan və rəşadətli Ordumuz bizim gələcəyimizi xilas etdi və ölkəmiz indi işğaldan azad olunan torpaqlarında böyük quruculuq işləri həyata keçirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir