“Azərbaycanın İrandakı səfirliyinə hücum, xüsusilə orada hər hansı bir işçinin qətlə yetirilməsi və digər iki nəfərin yaralanması Vyana Konvensiyasına, eyni zamanda, ikitərəfli münasibətlərimizə ziddir. İranın müəyyən qüvvələri, – bəlkə də, bir sıra rəsmi dairələrlə bağlılıqları var, – Azərbaycanla münasibətləri pozmaq fikrindədirlər. Çünki son vaxtlar həm Tehranın siyasəti, həm də onun Azərbaycana qarşı bir sıra bəyanatları, həmçinin siyasi aksiyalar göstərir ki, bu dairələr Azərbaycan-İran münasibətlərinə təhlükə yaratmaq fikrindədirlər. Səfirliyə hücum isə artıq “qırmızı xətt”in keçilməsidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.
Bu cür halların diqqətdən kənarda qalmayacağını qeyd edən politoloq bildirib:
“Bu, birmənalı şəkildə göstərir ki, Tehran Azərbaycan-İran münasibətlərinin sabit olmasına maraqlı deyil. Yaddan çıxarılmamalıdır ki, İranın da xaricdə səfirlikləri yerləşir. Bu hücuma görə məsuliyyət İranın hakimiyyət orqanlarının üzərinə düşür. Bununla bağlı ciddi araşdırma aparılmalıdır”.