• Ç. Noy 27th, 2024

Politoloq: “Şərti sərhəddə silah-sursat toplaması Ermənistanın müharibəyə başlamaq niyyətindən irəli gəlir”

ByYenigun.news

Apr 1, 2024

“Şərti sərhəddə silah-sursat toplaması Ermənistanın Azərbaycanla yeni müharibəyə başlamaq niyyətindən irəli gəlir”.

Bunu “Report”a açıqlamasında politoloq Samir Hümbətov deyib.

Ekspert bildirib ki, Ermənistanın bu addımı atmasına səbəb ölkə daxilində revanşist qüvvələrin baş qaldırmasıdır:

“Görünür, onlar Paşinyan hökumətinə təzyiq etməyə başlayıblar və Ermənistanı yenidən müharibəyə sürükləməyə çalışırlar. Diqqət yetirilməli digər mühüm məsələ Rusiyanın, xüsusilə də Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sonuncu ikibaşlı açıqlamasıdır. Onlar Ermənistana müharibəyə girməməli olduğunu demədilər. Sadəcə, hər iki tərəfi də təmkinli olmağa çağıraraq yekunda məsələni açıq saxladılar”.

S.Hümbətov hesab edir ki, Ermənistanı şərti sərhədə qoşun toplamağa cəsarətləndirən üçüncü amil aprelin 5-də imzalanması nəzərdə tutulan Avropa İttifaqı-Ermənistan-ABŞ hərbi paktıdır:

“Bu paktın imzalanmasına cəhd Ermənistanın bir növ əlini gücləndirmək niyyətindən irəli gəlir. Ermənistanı revanşizmə yönəltməyə, qızışdırmağa çalışırlar. Ermənistanın Azərbaycanla yenidən toqquşmaya girmək cəhdlərinin arxasında dayanan səbəblər bunlardır. Əgər biz Ermənistanla münasibətləri normallaşdırmağın tərəfdarı olduğumuzu bildirdiyimiz halda qarşı tərəfdən belə addımlar atılırsa, deməli, həm Qərbdə, həm də digər dairələrdə Ermənistan və Azərbaycan arasında sülhün imzalanmasını istəmirlər”.

Politoloq söyləyib ki, sözügedən qüvvələr sülh müqaviləsinin imzalanmasını Cənubi Qafqazda yeni müharibə riskinin tamamilə aradan qaldırılması kimi qiymətləndirirlər və bunun baş verməsini əngəlləyirlər:

“Ona görə də məsələni yenidən qızışdırmağa cəhd göstərirlər. Xüsusilə də Ermənistanı silahlandıran Fransanın timsalında bunu açıq görmək olar. Ermənistan bir müddət əvvəl sülh anonsu versə də, sözlərinə əməl etmədi. Sülh müqaviləsi imzalanan günə qədər qarşı tərəfin bu istiqamətdə səsləndirdiyi fikirləri ciddiyə almaq olmaz. Çünki sözləri ilə əməlləri uyğun gəlmir. Ermənistanın yeni toqquşma şəraiti yaratma cəhdlərini beynəlxalq ictimaiyyət tərəfindən rəsmi İrəvana qarşı hər hansı tədbir görülməməsinin nəticəsi kimi də qiymətləndirmək mümkündür. Ermənistanın müharibə cəhdi qarşıdurmaya və çoxsaylı insan itkisinə səbəb ola bilər. Azərbaycan Ermənistanın atdığı addımlara adekvat cavabı verəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir