• Ça. Noy 26th, 2024

Polkovnikin anası: “Altı illik həsrətini çəkdiyim övladım oğlunun doğum günündə şəhid oldu” – MÜSAHİBƏ + FOTO

ByYenigun.news

Sen 27, 2022

Torpaqlarımızı 30 illik işğaldan azad edən, qanı bahasına ərazi bütövlüyümüzü bərpa edən igid oğullarımızın bu gün anım günüdür. Düşmənin təxribatlarının qarşısını almaq üçün 2020-ci il sentyabr ayının 27-də başlanan mübarizə 10 noyabr qələbəmizlə başa çatdı. 

Oxu.Az Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan və xalqın rəğbətini, sonsuz sevgisini qazanan qəhrəmanlarımızdan biri barədə danışacaq.

44 günlük haqq savaşımızda qəhrəmanlıqlar göstərən, öz canını doğma torpağımıza qurban verən igid hərbçilərimizdən biri də “Kobra” ləqəbli polkovnik-leytenant Xeyrulla İbrahimovdur.

Arayış: Şəhid polkovnik Xeyrulla İbrahimov 1971-ci il aprelin 19-da Bakı şəhərində anadan olub. Əslən İsmayıllı rayonundandır. 1988-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsilini başa vuraraq, Ukraynadakı Xmelnitski Ali Artilleriya Komandanlıq Məktəbinə daxil olub və 1992-ci ildə həmin məktəbi artilleriya ixtisası üzrə bitirib.

Həmin vaxtdan N saylı hərbi hissədə haubitsalı artilleriya divizionunun qərargah rəisi, divizion komandirinin müavini təyin edilib. Xeyrulla İbrahimov 1992-ci ildə Azərbaycanın ən gənc hərbi hissə komandiri olub. Həmin il Laçın, Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl, Tərtər rayonlarının müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. 1994-cü il iyunun 24-də ona “baş leytenant” hərbi rütbəsi verilib. 1994-cü ildə Füzuli rayonunda işğalçı ermənilərlə döyüşdə yaralanıb.  
1994-cü il yanvarın 18-dən 1997-ci il mayın 14-nə qədər Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə artilleriya divizionunun komandiri, 1997-ci il mayın 14-dən 1998-ci il noyabrın 1-nə qədər isə həmin hərbi hissədə haubitsalı artilleriya divizionunun komandiri vəzifəsində xidmət edib. 1997-ci il iyunun 30-da isə “kapitan” hərbi rütbəsi verilib.

Xeyrulla İbrahimov 2000-ci il iyulun 26-dan 2003-cü il sentyabrın 30-na qədər Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissədə komandir müavini, 2003-cü il sentyabrın 30-dan 2004-cü il aprelin 1-nə qədər həmin hərbi hissədə komandirin MTT üzrə müavini – MTT bölmə rəisi vəzifəsində xidmət edib.
2004-cü il iyunun 30-da ona “polkovnik-leytenant” hərbi rütbəsi verilib.

2011-ci ilə qədər Orduda xidmət edən Xeyrulla İbrahimov daha sonra Azərbaycan Silahlı Qüvvələri sıralarından ehtiyata buraxılıb. Xeyrulla İbrahimovun hərbi ləqəbi “Kobra” olub.

Oxu.Az şəhid polkovnik-leytenant Xeyrulla İbrahimovun anası Xalidə İbrahimova ilə danışıb.

– Xalidə xanım, necə oldu ki, oğlunuz Xeyrulla müharibəyə yollandı?

Həmişə mənə deyirdi ki, “ana, müharibə başlasa, mən gedəcəyəm”. Sentyabrın 27-də yanıma gəldi. Dedi ki, “ana, mən gedirəm”. Oğlum getməmişdən dörd ay öncə onun həyat yoldaşı xərçəng xəstəliyindən dünyasını dəyişmişdi. Yalvardım ki, getmə. Getdiyi gün gecəyarı mənə zəng edib, Tərtərə gəldiyini, sınaq atışı zamanı bir atışla iki düşmən hədəfini məhv etdiyini dedi. Onu Bakı korpusu üzrə artilleriya rəisi təyin etdilər. Həmin günün səhərisi Füzuliyə apardılar.

– Xeyrullanın hərbiyə sevgisinin xüsusi bir səbəbi var idi?

Oğlumun dünyaya gəlişini altı il gözləmişəm. O, uşaqlıqdan seçilirdi, bütün elmlərdən xəbərdar idi. Fərqli uşaq idi. Hər baxımdan elə idi. Mən onun hərbçi olmağını istəyirdim. O zamanlar heç müharibə yox idi. Mənim fikrim ona da xoş gəldi. Ona görə bu yola üz tutdu. Oğlumu hərbiyə öz əllərimlə yönləndirdim. Şəhid olacağını bilməzdim.

– Xalidə xanım, Xeyrulla müharibəyə yollanmamışdan dörd ay öncə xanımının rəhmətə getdiyini dediniz. O, xanımının yoxluğu ilə barışa bilirdimi?

Oğlum Vətən müharibəsinə getməzdən dörd ay öncə yoldaşı Pərvanə xərçəng xəstəliyindən dünyasını dəyişdi. Belə bir xəstəliyinin olmağından xəbərimiz yox idi, belindəki yırtığı əməliyyat etdirən zaman xəstəliyi üzə çıxdı. Həkimlər artıq gec olduğunu, müalicənin xeyri olmayacağını dedilər. Onu həyatda saxlamağa gücümüz çatmadı. 11 ay sonra 40 yaşında vəfat etdi. Özü sevib, evlənmişdi. Xanımının yoxluğuna dözə bilmirdi. O, müharibəyə gedəndə dedim ki, övladlarını kimə tapşırırsan? Dedi ki, Allaha.

– Oğlunun doğum günündə Xeyrullanın şəhadətə qovuşduğunu söylədiniz. Övladları atalarının yoxluğunu qəbullanıblarmı?

– Ondan mənə yadigar iki övladı qaldı: biri qız, biri oğlan. Qızı Xətai Rayonu İcra Hakimiyyətində işləyir. Oğlu isə Türkiyənin Sakarya Universitetində təhsil alır. Hazırda qızının 22, oğlunun 18 yaşı var. Onlar atalarının yoxluğu ilə barışa bilmirlər. Xüsusən də qızı. O özünə hələ də gələ bilməyib. Qardaşına görə ayaqda qalmağa çalışır. Övladları atalarını güclü biri kimi xatırlayırlar. Hər ata kimi onun da arzusu övladlarını xoşbəxt görmək idi.

– Oğlunuz hansı ərazilərin azad olunmasında iştirak edib?

– Beş rayonun azad olunmasında iştirak edib. Füzuli, Şuşa, Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə fərqləndiyinə görə medallarla və ordenlə təltif olunub. Oktyabrın 26-da Şuşa istiqamətdə döyüşdə şəhid olub.

– Xeyrullanı son dəfə nə zaman gördünüz?

– Müharibəyə yollandıqdan sonra bircə dəfə oktyabrın əvvəli gəldi. O da sənədlərlə bağlı idi. Çox az qaldı. Heç nə demədi. Çünki şəhid olacağına o da inanmazdı. O, ölümdən qorxmayan biri idi. Ölümü də reallıq kimi qəbul edirdi. 

Ən sonuncu telefon zəngini qardaşına edib. Oktyabrın 26-da, günorta şəhadətə yüksəlməzdən təxminən bir saat əvvəl danışıblar. Qardaşına: “Əməliyyata gedirəm, vacib sözün yoxdursa, telefonu söndürüm”, – deyib. Həmin gün Xeyrullanın oğlunun doğum tarixi idi. Çox diqqətcil adam olmasına baxmayaraq, oğlunu təbrik etmədi. Mən də dəfələrlə onun nömrəsini yığdım ki, “oğlunu təbrik elə” deyim. Amma telefonuna zəng çatmadı. Artıq hiss etdim ki, oğlumu itirmişəm.

– Xalidə xanım, övladınızın Qarabağdan qayıdışını necə gözləyirdiniz?

–  Mən gələcəyinə inanırdım. O özü məni inandırmışdı. Arxayın idim ki, oğlum salamat qayıdacaq. Amma qismət olmadı. Mənə həmişə deyirdi ki, “ana, artilleriya düşməndən 25 km aralıda olur, arxayın ol, mən işimi bilən adamam”. Bu sözləri ilə məni arxayın etmişdi.

– Sentyabrın 12-dən 13-nə keçən gecə baş verənlərdən, yəqin ki, xəbərdarsınız. Son baş verənlərə münasibətiniz necə oldu?

– Son olanlar məni iki il öncəyə qaytardı. Şəhidlərimiz oldu. Ruhları şad olsun! Analarına səbir diləyirəm. Bu acını heç bir ananın yaşamasını istəmirəm.

Yoxluğunu hələ də qəbullana bilmirəm. Balalarına görə ayaqda dururam. Oğlum mənim üçün müqəddəsdir. Allah bütün əsgərlərimizi qorusun! Sağ-salamat anaların yanlarına dönsünlər!

– Xalidə xanım, noyabrın 10-da torpaqlarımızın işğaldan azad olunma xəbərini necə qarşıladınız?

– O zaman çox pis vəziyyətdə idim. Binamızın önündə səslər eşitdim. “Şəhid anası, gözün aydın, qələbə qazandıq” kimi şüarları duydum. Bir gözüm ağladı, bir gözüm güldü. Lazımi qədər sevinə bilmədim. Kaş oğlum da bu qələbəni görərdi…

 Nəzrin Vahid

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir