“Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı ilə növbəti dəfə Fransa və Ermənistanı ifşa etdi”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, dövlət başçısının ötən gün Əlcəzairə səfər etməsi və Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakı bir çox aspektdən xüsusi önəm daşıyır:
“Çünki Ermənistan son illər ərəb ölkələri ilə əlaqələrin gücləndirilməsi üçün səylə çalışır. Bir sıra ərəb ölkələrində güclü erməni diasporu fəaliyyət göstərir”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev çıxışında bir çox vacib məqamlara toxunub:
“Dövlət başçısının xüsusilə Fransa ilə bağlı dedikləri diqqətçəkəndir. Prezident İlham Əliyev növbəti dəfə Fransanı ifşa etdi. O qeyd etdi ki, “Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliam dünyanın heç vaxt unutmamalı olduğu bir hadisədir. Fransa Əlcəzair xalqına qarşı çox dəhşətli bir müharibə aparıb. Bu dəhşətli qətliam 1,5 milyon insanın ölümü ilə nəticələnib”.
C.Məmmədov bildirib ki, Azərbaycan Prezidenti Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışında Ermənistanı da ifşa edib:
“Dövlət başçısı Ermənistanın 30 il Azərbaycan torpaqlarını işğal altında saxladığını, 67 məscidi barbarcasına dağıtdığını, bir milyona yaxın mina basdırdığını, Azərbaycanın ədaləti bərpa etdiyini qeyd etdi. Hesab edirəm ki, dövlət başçımızın Əlcəzairə səfəri ərəb ölkələri ilə Azərbaycan arasında əlaqələrin inkişafına da ciddi təsir göstərəcək”.