“Biz Azərbaycan ilə Malayziya arasında dostluq münasibətlərinə böyük əhəmiyyət veririk. Ötən otuz illik dövr ərzində dövlətlərarası əlaqələrimizin inkişaf dinamikası, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsi bizi sevindirir”.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan Respublikası ilə Malayziya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Malayziyanın Ali Başçısına ünvanladığı məktubda yer alıb.
Ölkələrimizin beynəlxalq təsisatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlığının vurğulandığı məktubda deyilir:
“Bu gün ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün yaxşı imkanlar vardır. İnanıram ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə dostluq münasibətlərimizi, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımızı bundan sonra da dərinləşdirəcəyik”.