• Şb. Noy 30th, 2024

Prezident İlham Əliyev Madər Musayevin vəfatı ilə bağlı nekroloq imzalayıb

ByYenigun.news

İyl 14, 2023


Prezident İlham Əliyev Madər Əliəsgər oğlu Musayevin vəfatı ilə bağlı nekroloq imzalayıb.

Oxu.Az xəbər verir ki, nekroloqun mətnində deyilir:

“Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Madər Əliəsgər oğlu Musayev 2023-cü il iyulun 14-də ömrünün 76-cı ilində vəfat etmişdir.

Madər Musayev 1947-ci il noyabrın 26-da Bakı şəhərində anadan olmuşdur. O, 1975–1982-ci illərdə Moskva Kooperativ İnstitutunun Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsində ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1964-cü ildə Bakı şəhərində ticarət sahəsində başlayan Madər Musayev 1995-ci ilədək bu sahədə müxtəlif vəzifələrdə çalışmış, iri ticarət mərkəzlərinə rəhbərlik etmiş, ticarətin təşkili və təkmilləşdirilməsi işində mühüm xidmətlər göstərmişdir. O, uzun illər ərzində tutduğu vəzifələrdən asılı olmayaraq yüksək təşkilatçılıq qabiliyyəti nümayiş etdirmiş, insanlara münasibətdə həssaslığı və dərin məsuliyyət hissi sayəsində böyük hörmət və rəğbət qazanmışdır.

Madər Musayevin ictimai fəaliyyəti də zəngin olmuşdur. O, XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin və I–VI çağırışlar Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İntizam komissiyasının üzvü kimi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində nailiyyətlərin əldə olunmasında Madər Musayevin xidmətləri təqdirə layiqdir. O, həmçinin Türkiyə, Rusiya, İran, Pakistan, Səudiyyə Ərəbistanı, Tunis, Gürcüstan və Tacikistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olmaqla parlamentlərarası qarşılıqlı əməkdaşlığın inkişafına töhfələr vermişdir.

Madər Musayev milli dövlətçiliyə sədaqəti və xalqımızın adət-ənənələrinə xüsusi ehtiramı sayəsində çoxsaylı seçiciləri arasında həqiqi nüfuz sahibi olmuşdur. Xeyriyyəçilik fəaliyyəti onun ali insani keyfiyyətlərini xarakterizə edən başlıca cəhətlərdən idi.

Madər Musayevin ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı daim lazımınca qiymətləndirilmiş və o, uzunmüddətli səmərəli fəaliyyətinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarına layiq görülərək, 2007-ci ildə “Şöhrət”, 2017-ci ildə “Şərəf” və 2022-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilmişdir.

Tanınmış ictimai xadim, xeyirxah və səmimi insan Madər Əliəsgər oğlu Musayevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Ədalət Vəliyev

Əhliman Əmiraslanov

Ziyafət Əsgərov

Hicran Hüseynova

Eldar İbrahimov

Eldar Quliyev

Ağalar Vəliyev”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir