“İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Dəyişikliyə əsasən, işsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin gəlirləri 5 milyon manat artırılaraq 212 668 344,50 manatdan 217 668 344,50 manata, xərcləri də müvafiq olaraq 5 milyon artırılaraq 212 668 344,50 manatdan 217 668 344,50 manata qaldırılıb.
Bundan başqa, 2022-ci ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaiti 53 032 194,5 manatdan 58 032 194,5 manata, işsizliyə görə sığorta ödənişləri ilə bağlı xərclər 11 000 000 manatdan 13 500 000 manata qaldırılıb. Peşə hazırlığı və əlavə təhsilin təşkili üzrə xərclər 22 000 000 manatdan 20 000 000 manata, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi üzrə xərclər 2 000 000 manatdan 1 000 000 manata, sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi ilə bağlı xərclər 2 000 000 manatdan 1 500 000 manata endirilib.
Dəyişikliklə haqqı ödənilən ictimai işlərin təşkili ilə bağlı xərclər 3 500 000 manatdan 4 225 000 manata, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılması xərcləri 44 647 197,75 manatdan 48 822 197,75 manata, sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi üzrə xərclər 1 500 000 manatdan 2 600 000 manata qaldırılıb.