“Azərişıq” ASC tərəfindən Tərtər rayonunun Suqovuşan qəsəbəsinə 35 kilovoltluq müasir izolyasiyalı xəttin çəkilməsi postsovet məkanında bir ilkdir”.
Bu barədə “Report”a Suqovuşana mediatur zamanı qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu məlumat verib.
O, yeni xəttin üstünlüklərindən danışıb:
“Bunlar yeni xətlərdir. 110 kilovatlıq Tərtər yarımstansiyasında çəkilmiş bu xətt Suqovuşan qəsəbəsi və Talış kəndini qidalandırır. Biz burada nümunə kimi ənənəvi anker dayaq qoymuşuq. Bu, metal dayaqdır. Adətən ölkənin müxtəlif ərazilərində bu xətlərdə mühafizə zolağı 30-40 metr olur. Bizim çəkdiyimiz yeni xətdə isə mühafizə zolağı 3-6 metrə qədər azalıb. Bu da min hektar torpaq sahəsinin yenidən əkin sahələri kimi istifadəsinə zəmin yaradır. Eyni zamanda qeyri-sabit hava şəraitində ənənəvi xətlərdə açılmalar olur. Amma burada demək olar ki, açılmalar sıfıra bərabərdir. Bu xətlərdə yanğın baş vermə ehtimalı da sıfıra bərabərdir. Eyni zamanda, ənənəvi xətlərdə 10-12 %-ə qədər itki olur. İzolyasiyalı xətlərdə isə itkilər demək olar ki, 3-4 %-ə qədər azalır”.
“Bu iqtisadi rentabelliyi nəzərə alaraq Prezident “Azərişıq” rəhbərliyinə belə bir tapşırıq verdi ki, Bakı şəhərində də 35 kilovoltluq xətlərdə belə izolyasiyalı naqillərdən istifadə olunsun. Biz də “Azərişıq” olaraq məhz bunun üzərində işləyirik. Yaxın vaxtlarda Bakı şəhərində də belə müasir, innovativ yeniliyə əsaslanan yüksək gərginlikli xəttləri görə biləcəyik”, – deyə V.Aydınoğlu bildirib.