İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib.
Dövlət başçısının regionlara bütün səfərləri kimi 26 iyun səfəri də olduqca mühüm əhəmiyyət daşıyıb.
İlk növbədə onu qeyd edək ki, Azərbaycan liderinin Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri dövlətin Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması istiqamətində gördüyü tədbirləri daha da genişləndirməsi, müvafiq prosesin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması anlamına gəlir.
Bölgənin strateji əhəmiyyətini də nəzərə alsaq, buradakı bərpa-quruculuq işlərinin təhlükəsizlik baxımından da böyük önəm kəsb etdiyini asanlıqla söyləmək olar.
Üstəlik, Azərbaycan lideri Kəlbəcərdə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında da iştirak edib. Bu isə o deməkdir ki, regionun təhlükəsizliyi daim dövlətin xüsusi diqqətində saxlanılır. Azərbaycan ordusunun komando hərbi hissələrinin sayı artırılır və bu addım birmənalı olaraq regionda hökm sürən geosiyasi şəraitin tələbi olaraq atılır. Azərbaycan ordusu qazandığı uğurlarla kifayətlənmir, Ali Baş Komandanın öndərliyində müasir ordu quruculuğu prosesi sürətlə davam etdirilir.
Ordumuzun qüdrətinin artması isə şübhəsiz ki, sərhədlərin təhlükəsizliyini gücləndirir. Həmçinin sərhəd ərazilərində komando hərbi hissələrinin açılışını potensial təhlükələrə qarşı gözdağı olaraq da qiymətləndirmək mümkündür. Bununla yanaşı yeni yaradılan hərbi hissə Ermənistanla sərhəd ərazidə ordumuzun mövqelərini daha da möhkəmləndirib.
Regionda aparılan yenidənqurma və bərpa işlərinin bu cür yüksək templə həyata keçirilməsi, sərhədlərimizin etibarlı müdafiəsinin təşkili bir sıra amillərlə bağlıdır. Burada ilk növbədə dövlət başçısının güclü və nüfuzlu lider kimi atdığı addımları vurğulamaq lazımdır. Həmçinin Azərbaycanda uzun illərdir yürüdülən uğurlu siyasi kursun məntiqi nəticəsi olaraq ölkədə bütün sahələrdə əldə olunmuş inkişafı da diqqətdən kənar qoymaq olmaz. Belə ki, Azərbaycandakı müasir ordu quruculuğu prosesi, qüdrətli ordunun formalaşdırılması, həmçinin yenidənqurma və bərpa işlərinin olduqca böyük sürətlə icrası iqtisadi imkanlarımızla birbaşa əlaqəli olan prosesdir. Azərbaycanın güclü iqtisadiyyata sahib olması sözügedən proseslərdə lokomotiv rolunu oynayır.
Prezident İlham Əliyevin Kəlbəcər səfəri zamanı dövlət başçısına Kəlbəcərin baş planı təqdim olunub. Kəlbəcərin infrastrukturunun sürətlə qurulması “Böyük Qayıdış”ın tərkib hissəsidir. Baş planın artıq dövlət başçısına təqdim olunması isə Kəlbəcər əhalisinin doğma yurd-yuvalarına qayıdış tarixinin addım-addım yaxınlaşdığını göstərir.
Prezident İlham Əliyev tərəfindən Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun, İstisu sanatoriyasının təməlinin qoyulması, dövlət başçısının tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyasında olması, burada hazırda rayonda beş yerdə inşa edilən elektrik stansiyaları barədə məlumat verilməsi, avtomobil yolları, tunellərin tikinti işləri ilə tanış olması və s. sözügedən “Böyük Qayıdış”a hədəflənən addımlar sırasındadır.
Daha bir diqqətçəkən məqam işğaldan azad olunmuş ərazilərimizdə yeni su anbarlarının inşası ilə bağlıdır. Belə ki, Laçın rayonunda Azərbaycan lideri “Həkəriçay” su anbarı layihəsi ilə tanış olub. İşğaldan azad olunmuş ərazilərimizdə yeni su anbarlarının tikilməsinin əsas məqsədi məhz regionda kənd təsərrüfatının inkişafı ilə bağlıdır. Belə ki, Azərbaycan dövləti həm regionun su ehtiyatlarından səmərəli istifadəni təşviq edir, həm də mövcud potensialın iqtisadi inkişafa töhfə verməsi üçün əməli addımlar atır. Xüsusən dünyada cərəyan edən son hadisələr fonunda kənd təsərrüfatı sektorunun əhəmiyyəti artır. Azərbaycan dövləti isə hazırda məhz bu sahənin inkişafına yatırım edir. Növbəti illərdə hazırda görülən tədbirlərin bu sahənin inkişafında əhəmiyyətini daha aşkar şəkildə görmək mümkün olacaq.
Səfər çərçivəsində Azərbaycan Prezidenti eyni zamanda Laçında beynəlxalq hava limanının tikinti işləri ilə də tanış olub. Hava limanı çətin relyefə malik dağlıq ərazidə unikal layihə artıq tarixə düşüb. Şuşaya 70 kilometr məsafədə yerləşən hava limanı həmçinin mövqeyi etibarilə strateji əhəmiyyətə də malikdir.
Bununla yanaşı, sözügedən hava limanının istifadəyə verilməsi gələcəkdə bölgəyə beynəlxalq marağın artmasına səbəb olacaq. Hava limanı indiki mərhələdə bərpa-quruculuq işlərinin sürətini daha da artırmağa imkan verəcək. Gələcəkdə isə sərnişin və yükdaşımaların asanlaşdırılmasına imkan verəcək.
Azərbaycan dövləti tərəfindən işğaldan azad edilmiş ərazilərimizin olduqca mühüm turizm potensialı daim nəzərdə saxlanılır. Belə ki, Qarabağ və Şərqi Zəngəzura turistlərin səfərləri ölkə iqtisadiyyatı üçün ciddi gəlir mənbəyinə çevrilə bilər. Elə dövlət başçısı tərəfindən “İstisu” sanatoriyasının təməlinin qoyulması da bölgənin turizm potensialının yenidən canlandırılmasına xidmət edir.
Dövlətimiz tərəfindən müvafiq addımlar işğaldan azad edilmiş bütün ərazilərimizdə atılır. Bu addımların nəticəsi isə yaxın gələcəkdə Azərbaycanın bu bölgələrinin dünyanın ən populyar turizm marşrutları sırasına çıxmasına zəmin hazırlayır.
Orxan Tağıyev