“Möhtərəm Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında etdiyi çıxışla qarşımıza konseptual, proqram xarakterli istiqamət qoydu”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Azərbaycan diasporunun qarşısında yeni çağırışlar dayanır. Hikmət Hacıyevin sözlərinə əsasən, erməni lobbi dairələrinin Azərbaycana qarşı təbliğat kampaniyaları davam edir.
“Bu yaxınlarda Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə diqqət çəkmək istəyirəm. Belə qətnamə qəbul etdilər ki, guya Qarabağda erməni irsi məhv edilib. Onlar, yaxşı olar ki, işğaldan azad edilmiş ərazilərə gələrək ermənilərin törətdikləri vəhşiliklərə şahidlik etsinlər”, – deyə o əlavə edib.
Hikmət Hacıyevin sözlərinə görə, digər ən böyük problem minalardır. O qeyd edib ki, humanitar mina problemi bütün bəşəriyyətin üzləşdiyi problemdir.
“Azərbaycan minalarla çirklənmiş ölkələr sırasında beşinci yerdədir. Bunu təəssüflə qeyd edirik”, – deyə Hikmət Hacıyev əlavə edib.
Hikmət Hacıyev bildirib ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş dörd minə yaxın azərbaycanlının taleyinə Ermənistan hələ də aydınlıq gətirməyib. Prezidentin köməkçisi qeyd edib ki, hazırda Cənubi Qafqaz regionunun gündəmində sülh gündəliyi dayanır.
“Azərbaycan Ermənistana sülh üçün beş maddəlik baza prinsipi təklif edib”, – deyə o xatırladıb.
Aqşin Kərimov