Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu gün keçirilən doqquzuncu sessiyasında Azərbaycan Prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli dövlət qurumlarına tapşırıqlar verib.
“Report”un xəbərinə görə, bunu Ali Məclisin deputatı Ehtimad Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
O söyləyib ki, Prezident İlham Əliyev çox iradəli şəkildə Zəngəzur dəhlizinin açılması üçün mühüm addımlar atır:
“Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli də çıxışında Naxçıvan Muxtar Respublikasındakı bütün idarə, müəssisə və təşkilatların bu istiqamətdə fəaliyyətini gücləndirilməsi barədə tapşırıq verdi”.
Xatırladaq ki, sessiyada 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub, Naxçıvan Muxtar Respublikasının 2023-cü il üzrə dövlət büdcəsi, Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcələri təsdiqlənib.
Qeyd edək ki, ötən ilin dekabrın 22-də isə Prezident İlham Əliyevin sərəncamı ilə Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunub.