Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilmiş Vahid Hacıyev Cəbrayıl rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Cəbrayıl Rayon İcra Hakimiyyətində keçən görüşdə icra hakimiyyətinin rəhbərliyi, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin önəmindən söz açan Vahid Hacıyev Prezidentin xüsusi nümayəndəliyinin missiyası, ölkə başçısı tərəfindən qarşıya qoyulan tapşırıqlar haqqında məlumat verib.
Prezidentin xüsusi nümayəndəsi, həmçinin hazırda Cəbrayıl rayonunda aparılan tikinti-quruculuq işlərindən, planlaşdırılan layihələr, tikiləcək kəndlər, infrastruktur layihələri haqqında ətraflı danışıb.
Sonda ziyalılar rayonun gələcək inkişafı üçün fikirlərini Prezidentin xüsusi nümayəndəsi ilə bölüşüblər. Öz növbəsində, Vahid Hacıyev Cəbrayılın yenidən qurulması zamanı rayon ictimaiyyətinin nümayəndələrinin dəyərli fikirlərinin mütləq nəzərə alınacağını vurğulayıb.