Rusiya Müdafiə Nazirliyi “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinə əvvəldən məlumat verib ki, onun döyüşçüləri Ukraynada müharibədə iştirak etməyəcək. Buna səbəb iş adamının nazirliklə müqavilə bağlamaması olub.
Bu barədə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov açıqlama verib.
“Priqojin Müdafiə Nazirliyinin müqavilələrlə bağlı qərarına əməl etmirdi və ona “Vaqner”in müharibədə iştirak etməyəcəyi barədə məlumat verildi”, – deyə Kartapolov jurnalistlərə bildirib. O qeyd edib ki, iş adamının üsyanından bir neçə gün əvvəl Priqojindən başqa bütün birləşmələr müqavilə imzalayıb. Buna görə də Müdafiə Nazirliyi tərəfindən onun maliyyələşdirilməsi dayandırılıb.
Xatırladaq ki, Priqojin iyunun 24-nə keçən gecə silahlı üsyana başlayıb. O, Müdafiə Nazirliyini onun döyüşçülərinə zərbə endirməkdə ittiham edib. Daha sonra iş adamı Rusiya Müdafiə Nazirliyinin yoluna çıxan bütün mövqelərini məhv edəcəyinə söz verib və ordusunu Rostov-Dondakı Cənub Hərbi Dairəsinin qərargahına istiqamətləndirib. Lakin Belarus Prezidenti Aleksandr Lukaşenko üsyanın dayandırılması ilə bağlı Priqojinlə razılığa gəlməyə nail olub.
Mənbə: URA.ru