• Ç. Noy 27th, 2024

Putin-Paşinyan görüşü: İmzalanacaq yeni sənədlərin mahiyyəti – TƏHLİL

ByYenigun.news

Apr 20, 2022

Aprelin 19 Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirildi.

Görüşün davamı olaraq bu gün Rusiya ilə Ermənistan arasında sənədlər paketi imzalanacaq və bu, Moskva-İrəvan münasibətlərinin gərginləşən beynəlxalq münasibətlər sistemində özünə yer tapmasına xidmət edəcək.

Təbii ki, biz düzgün arxitektura əsasında müttəfiqlik əlaqələrindən söz aça bilmərik, müttəfiqlik tərəflərdən birinin digəri üzərində asılılıq yaratmaq metodologiyasına söykənməməlidir, ancaq keçən illər ərzində Moskva daim İrəvanı sıxma-boğmada saxlayıb və onu forpost halına gətirib.

Bundan sonra isə Putinin Ermənistanı həmin forpost çərçivəsindən kənara çıxaracağını düşünmək yumşaq desək, siyasi diletantlıq olardı.

Ona görə də, Rusiya ilə Ermənistan arasında imzalanacaq sənədlər həmin asılılığı yeni geosiyasi tələblərlə ayaqlaşdırmaq məqsədi daşıyacaq və Moskvanın İrəvan üzərindəki basqılarının radiusunu genişləndirəcək.

Ortada Azərbaycan və Türkiyə tandeminin olması isə Rusiyadan Ermənistana yatırılacaq “təhlükəsizlik sərmayələrini”n həcmini azaldır, Kremldəki strateji tərəzinin gözü indi Bakı-Ankara ikilisinin maraqlarına doğru əyilir.

Elə buna görədir ki, Putin Paşinyanla görüşdə üçtərəfli bəyanatların icrasının sürətləndirmək təlimatını verib, bu həm, Rusiyanın təşəbbüsü, həm də Avropa İttifaqının təşəbbüsü ilə imzalanan sənədlərin bəndlərinin icrasını özündə ehtiva edir.

İcra ilə bağlı iki əsas məqam diqqət çəkir:

1. Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasını sürətləndirmək,

2. Yeni regional əməkdaşlıq platformasının (Zəngəzur dəhlizi) nəzəri ideyalardan əməli rejimə sürətli keçidini təmin etmək.

Nikol Paşinyan başda olmaqla, Ermənistanın siyasi elitası rəqəmləri gözəl bilir, hazırkı durumda Ermənistanın Rusiyadan iqtisadi asılılığı pik həddədir.

Bunun başında qaz asılılığı dayanır, Ermənistan 2007-ci ildə Rusiyanın “qazını azaltmaq” üçün İranla birgə layihənin açılışını etdi, belə ki, İranla Ermənistan arasında 140 kilometr uzunluğundakı qaz kəməri işə salındı.

Bununla belə, həmin qaz xəttinin diversifikasiya imkanları minimuma endirildi və paylayıcı şəbəkələrin hamısı Rusiyanın “Qazprom” şirkətinə verildi.

Postmünaqişə dövründə regionda yaranan geosiyasi vəziyyət Ermənistanı dalandan çıxmağa təşviq etsə də, bu, onun Rusiyanın “yumruğu” altından qaçmasına gətirib çıxarmayacaq.

Vəziyyətin təsviri belədir:

– Azərbaycan Türkiyə ilə strateji müttəfiqlik ruhuna uyğun olaraq özünün qüdrətinə arxalanaraq tezislər təqdim edir,

– Bu, Rusiyada qısqanclıq yaratsa da, ümumilikdə Moskva üçün cəlbedici gəlir,

– Nəticədə Azərbaycan-Türkiyə birliyi Moskvadan dəstək alaraq Ermənistanı təcriddən çıxarmaq planlarını təqdim edir,

– Bu isə, İrəvanın Kremldən olan asılılığını artırır.

Ermənistan iqtisadiyyatının demək olar ki, bütün sahələrinin ruslaşdırılması postmünaqişə dövründə yeni məntiqlə işləyəcək, üzdə müttəfiqlik görüntüsü, batində isə “qapazaltı” olmaq vərdişinin davam etdirilməsi.

Ermənistan Rusiyanın hərbi tərəfdaşlığına və KTMT-nin kollektiv müdafiə bəndlərinə də arxayın ola bilmir, çünki ortada Azərbaycan-Türkiyə birgə müdafiə mexanizmləri mövcuddur.

Bu, Azərbaycanın qurduğu balanslı siyasətlə Rusiya-Ermənistan “tərəfdaşlığının” fundamental prinsiplərini sarsıtmasının nəticələridir.

Bundan sonrakı gedişatlar da eyni xətt üzrə gedəcək, hərçənd ki, Rusiyanın müəyyən problemli istiqamətlər yaratması da istisna deyil, lakin bu, təməl maraqlara qarşı vüsət almayacaq.

YEKUN:

– Nikol Paşinyanın Moskvaya səfəri Azərbaycana qarşı yeni cəbhə açmayacaq,

– Ermənistanın Rusiyadan asılılığı imzalanacaq yeni sənədlərlə yeni mərhələyə keçəcək.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir