Kubra Məhərrəmova yazır…
Bir gün rus, gürcü, erməni oturub arvadlarını tərifləyirlər.
Rus: Həyat yoldaşım ceyran kimi incədir.
Gürcü: Mənim Sulikom dağkeçisi kimi zərifdir.
Erməni: Mənim Anuşumun gözləri isə səma kimi mavidir.
Rus gürcü ilə: Biz axı onların bədən formasından danışırıq!
Erməni: Çünki Anuşun gözlərindən savayı hər şey “popadır”.
Bu köhnə lətifə Ermənistanın bugünkü vəziyyətini tam olduğu kimi, dəqiqliyi ilə ifadə edir. Paşinyan hər şeyin batdığını görüb, yapışıb Makronun mavi gözlərindən. Gah deyir, mən Makronsuz evdən çıxmıram, mütləqdir ki, gərək görüşə gedəndə Makron mənim yanımda olsun, gah da deyir ki, KTMT bizə lazımi diqqəti göstərmir. Qısası, yaxşı manipulyasiya edir.
Amma etiraf etməliyik ki, Paşinyan düz iki ildir, iki stulda oturmağa nail olub. Və bu stullardan birini Fransa təklif etsə də, ikincisini ona məhz Putin verib.
Rusiya prezidenti rəsmi tədbirlərdə, çıxışlarda bunu çox açıq ifadə edir.
Putinin “Rusiya Ermənistana Qarabağla bağlı daha uyğun sülh sazişi təklif edir” deməsi hər kəsin yadındandır.
Bəzi hallarda isə özünün demək istəmədiyi, amma ünvanı bəlli olan ifadələri Kremlin rəsmi ruporları vasitəsilə mesaj göndərməsi də onun siyasi mövqeyini sərgiləyir.
Putinin ən çox sevdiyi “poçt göyərçinləri”ndən biri də rusiyalı sülhməramlılardır. Bəzi mesajları o, məhz bu hərbi kontingentin vasitəsilə bizə çatdırır. Qəsdən bunu kəskin edir ki, vəziyyət daha da gərginləşsin.
Məsələn, bizim suveren ərazimiz olan Qarabağ iqtisadi rayonunun “Dağlıq Qarabağ” kimi, yaxud erməni adları ilə səsləndirilməsi, toponimlərin dəyişdirilməsi.
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun müxtəlif istiqamətlərdə yerləşən mövqelərinin mütəmadi olaraq müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması da icazəsiz baş tutmur.
Bu sadaladığımız, əslində, rəsmi Moskvanın etdiyi ən “saf” addımlardır.
“Əjdaha başı” isə Xankəndidə gizlədilib.
Orada hərbi qüvvələrin toplanması və həmin qeyri-qanuni erməni silahlı dəstələrinin silah və sursatla təmin olunması, onlara yaşamaq üçün şərait qurulması birbaşa Kremlin kaprizidir. Onun çirkli pulyuyanı və əsas xəzinədarlarından biri olan Vardanyanın birdən-birə qondarma Dağlıq Qarabağa nazir göndərilməsi heç də təsadüfi deyil.
Ermənilərlə birbaşa dialoqa imkan verməyən də Kremldir. Onun üçün çox vacibdir ki, bu “münaqişə” yüz illərlə davam etsin. “Velikaya derjava” isə bundan öz dividendlərini yığsın. Amma “velikaya derjava” özü yaxın gələcəkdə xirtdəyə kimi problemlərin içində çabalayacaq.
Sadəcə, bu gün özünün Ukraynada dizə kimi palçığa batması, “qazanc”ının azalması, üç günə Kiyevi işğal edəcəyi halda burnunun əzilməsi, kifayət qədər hərbi texnika və canlı qüvvə itirməsi, görünür, rəsmi Moskvanı narahat etmir. Dayanmadan qonşusu olan, qanı bir, dini bir, dili bir olan qardaşlarını bu cür amansızlıqla məhv etməsi Kremlin hansı mənəviyyata malik olmasının da sübutudur.
Bu gün Ukraynanın dinc sakinlərinin başına tonlarla bomba yağdıran Rusiya Ukraynanı məhv edə bilər, amma işğal etməsi mümkün deyil. Ukrayna xalqı 24 fevralda sanki yenidən doğuldu və öz gücünü, öz birliyini, öz müqəddəratını müəyyən etdi. Ukrayna və Ukrayna xalqı sona qədər döyüşəcək. Necə ki, on aydır döyüşür, on aydır ayaqdadır.
“Velikaya derjava” və onun rəiyyəti isə bu addımla birdəfəlik öz əsl simalarını dünyaya təqdim etdilər. Vəhşi, insan qanına susamış, qəddar rejim əvvəllər bunu maskalamağa nail ola bilirdisə, bu gün həmin təsir imkanları məhduddur və ya işləmir. Artıq bütün dünya Rusiyaya aqressor və “izqoy” kimi yanaşır. İnanmıram ki, yaxın 30 ildə nəsə dəyişə.
Rusiya fevral ayının 24-ü Ukraynaya qarşı müharibəyə başlayanda Azərbaycan xalqı olaraq Ukrayna xalqının yanında olduq.
Sıravi təqaüdçüdən tutmuş tələbəyə qədər kimin nəyə gücü çatdısa, Ukraynaya humanitar yardım göndərdi. Buna səbəb elə dövlətimizin dəfələrlə etdiyi xeyirxah jesti oldu. O, Ukraynaya dəfələrlə milyonlarla dollar dəyərində olan humanitar yardım göndərdi. SOCAR isə Ukraynada təcili tibbi yardım, yanğınsöndürən maşınlara pulsuz yanacaq yardımı göstərdi. Bütün bu xeyirxah jestlərin necə səmimi, içdən gəlməsi də heç kimin gözündən yayınmadı.
Bir dəfə bir ukraynalı məndən soruşdu ki, siz niyə belə həssas yanaşırsınız bu müharibəyə? Niyə bizim ağrımıza, dərdimizə bu qədər şəriksiniz?
Cavab verdim ki, o qəddar təcavüzü biz 30 il əvvəl yaşamışıq. Xocalını da, Şuşanı da erməninin almağa lətifədəki kimi bir yeri yox idi. Tətiyin haradan çəkildiyini hamımız çox yaxşı bilirik.
Bu gün Rusiyanın imkanı olsa, guya eləməz ki?
Təbii ki, gözünü qırpmadan edər. Sadəcə, ölkəmizin rəhbərinin apardığı siyasət bu gün o imkanı Rusiyaya vermir. Bu da onu daha aqressiv olmağa vadar edir.
O da üstümüzə Qarabağa müvəqqəti yerləşdirilmiş sülhməramlılarını qısqırdır. Amma unudur ki, onların Azərbaycanda qalma müddəti çox da uzun deyil. 2025-ci ildə, bəlkə də, daha tez vidalaşmalı olacaqlar “missiya”larından.
Əli milyonlarla insanın qanına batmış “velikaya derjava”, gəldiyi hər yeri viran qoyan “qanlı imperiya”, sən haranısa məhv edə bilərsən, amma işğal edə bilməzsən. Bilirsən niyə? Çünki səni qorxudan daha üstün bir hiss var, o da azadlıq hissidir.
Biz isə öz azadlığımızı qanımız bahasına qazanmışıq. Bir kərə Şuşaya, Laçına, Ağdama, Zəngilana, Füzuliyə, Hadruta, Tuğa və işğaldan azad olunan bütün torpaqlara sancılan bayraq bir daha enməz! Lap get dirsəyini çeynə, enməyəcək bu üçrəngli bayraq!